2018-05-11

Kiyevdə ümumilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə bağlı caz festivalı keçirilib

Ukraynanın paytaxtı Kiyev şəhərindəki Heydər Əliyev adına istirahət parkında Ulu Öndərin anadan olmasının 95 illiyinə həsr olunmuş etno-caz festivalı keçirilib.

 

Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən festivaldan öncə səfirliyin diplomatları, SOCAR-ın Ukraynadakı nümayəndələri, xarici ölkələrin Ukraynadakı səfirləri, soydaşlarımız Ulu Öndərin heykəli önünə tər çiçəklər düzməklə Heydər Əliyevin xalqımızın ümumilli lideri olduğunu bir daha nümayiş etdiriblər.

Azərbaycan və Ukraynanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin, Kiyev şəhər Dövlət Administrasiyası rəsmilərinin, Ukrayna Ali Radasının deputatlarının, xarici diplomatik korpus rəhbərlərinin, yerli media nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək ümumilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb.

Azərbaycanla Ukrayna arasında iqtisadi, siyasi, elmi və mədəni əlaqələrin möhkəm əsaslar üzərində qurulmasında ümummilli lider Heydər Əliyevin misilsiz rolu olduğunu vurğulayan səfir yerli sakinlərin və xarici turistlərin zövqünü oxşayan istirahət parkında Ulu Öndərin xatirəsinə həsr olunmuş etno-caz musiqi festivalının unudulmaz anlar yaşadacağını qeyd edib.

Sonra Ukraynada fəaliyyət göstərən Azərbaycanın “Qafqaz” mahnı və rəqs ansamblının rəngarəng çıxışları, Ukraynanın əkiz bacıları Anna və Mariyanın “Sarı gəlin” və digər ifaları, tanınmış müğənni Çingiz Mustafayevin şən və həzin mahnılar oxuması böyük hərarətlə qarşılanıb.

Daha sonra Fransada yaşayan azərbaycanlı caz ifaçı, bəstəkar və pianoçu Etibar Əsədlinin bir saatlıq ifası musiqi sevərlərə duyğulu anlar yaşadıb. Açıq səma altında keçirilən festivalda E.Əsədli və müğənni Samirə Əfəndinin birgə caz kompozisiyası dinləyicilərin böyük rəğbətinə səbəb olub.

Ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan ikinci etno-caz festivalı atəşfəşanlıqla başa çatıb.

 

Arxiv üzrə axtarış