2018-10-01

“Ukrayna ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın inkişafı üçün geniş perspektivlər var”

Azərbaycanla Ukrayna arasındakı sıx dostluq münasibətləri intensiv olaraq inkişaf edir. Bu münasibətlər təkcə strateji siyasi və iqtisadi tərəfdaşlıqla deyil, eyni zamanda, zəngin tarixi köklərlə bağlıdır. AZƏRTAC xəbər verir ki, bu fikri Xarkovda X Beynəlxalq İqtisadi Forumda çıxışı zamanı Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev deyib.

A.Xudiyev bildirib ki, Azərbaycan infrastrukturun inkişafı və transformasiyasında zəngin təcrübəyə malikdir. Bir çox aparıcı Azərbaycan şirkətləri Ukraynada keçirilən beynəlxalq tenderlərdə iştirak edir, həmçinin Ukrayna bazarına investisiyalar yatırırlar: “Bu gün Azərbaycan xarici ölkələrdəki, o cümlədən dost Ukraynada investisiyaları genişləndirməyə çalışır. Təkcə Azərbaycan Dövlət Neft Şirkəti sayəsində dövlətimiz artıq Ukraynanın iqtisadiyyatına 200 milyon ABŞ dollarından artıq sərmayə yatırıb”.

Səfir, həmçinin qeyd edib ki, 2017-ci ildə Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 2,4 dəfə artaraq 810 milyon dollara çatıb. Bu rəqəmin artırılması üçün birgə səylər davam etdirilir: “Ukrayna ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın inkişafı üçün geniş perspektivlər var. Bunun üçün Ukraynada əlverişli şərtlər və uzunmüddətli müqavilələr təmin edilməlidir. Ümumiyyətlə, Ukraynanın uğuru investisiya qanunvericiliyinin sabitliyindən və balansından asılı olacaq”.

A.Xudiyev çıxışında vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyev nəqliyyat potensialının inkişafına və Azərbaycanda beynəlxalq səviyyədə əhəmiyyətli infrastruktur layihələrinin həyata keçirilməsinə xüsusi önəm verir. Azərbaycan yaxın vaxtlarda böyük tranzit və logistika mərkəzinə çevriləcək. Hazırda Azərbaycan Avropa-Qafqaz-Asiya və Şimal-Cənub marşrutları boyunca beynəlxalq nəqliyyat üçün maliyyə və vaxt xərclərini azaltmaq üçün lazımi tədbirlər görür. Bunun üçün xüsusi proqramlar həyata keçirilir və beynəlxalq standartlara cavab verən əsas yollar, o cümlədən Azərbaycanla İranı birləşdirəcək dəmir yolu tikintisi başa çatır. Ötən il Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi. Yuxarıda göstərilən layihələrin Azərbaycanla birlikdə həyata keçirilməsi qonşu ölkələrə iqtisadi dividentlər verir, eyni zamanda ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsinə və regionda sülhün və sabitliyin bərqərar olmasına kömək edir.

Qeyd edək ki, forumda Ukrayna Prezidenti Petro Poroşenko, Baş nazirin birinci müavini Stepan Kubiv iştirak ediblər. Artıq 9 ildir Ukraynada beynəlxalq iqtisadi forum keçirilir. Builki Xarkov forumunda 35 ölkədən 600-ə yaxın nümayəndə iştirak edib.

Arxiv üzrə axtarış