2018-10-30

UKRAYNA PREZİDENTİNİN XANIMI AZƏRBAYCANIN MİLLİ MƏTBƏXİ VƏ MƏDƏNİYYƏTİ İLƏ TANIŞ OLUB

Ukraynanın paytaxtı Kiyevdə “Outlook World Culture Festival” adlı beşinci dünya xalqlarının mədəniyyət festivalı keçirilib.

30-dan çox ölkənin iştirak etdiyi beynəlxalq festivalda Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə xalqımızın mədəniyyəti, milli mətbəxi də təqdim olunub. Festivalda Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, diplomatik korpusu, diasporu, soydaşlarımız iştirak edib.

Tədbirin rəsmi açılışında iştirak edən Ukrayna Prezidentinin xanımı, Ukrayna Mədəniyyət Fondunun rəhbəri Marina Poroşenko festivalda iştirak edən ölkələrin stendləri ilə tanış olub. Marina Poroşenkonun baxdığı Azərbaycanın stendində milli mətbəx nümunələrindən plov, dolma, paxlava, şəkərbura, ölkəmizin simvoluna çevrilən nar, şərablar, “Şuşa”, “Azərbaycan” brendində olan konyaklar nümayiş olunub.  Ukrayna Prezidentinin xanımı Azərbaycan stendini yüksək qiymətləndirib.

Daha sonra festivalda iştirak edən ölkələrin səfir və diplomatik nümayəndələrinin iştirakı ilə festivalın rəsmi açılış mərasimi olub.

Tədbirdə Kiyev sakinləri, qonaqları, xarici ölkələrin diplomatik nümayəndələrinə Azərbaycanın milli mətbəxi sayılan paxlava, şəkərbura, plov, dolma paylanılıb. Ukraynanın bəzi telekanalları Azərbaycan stendi haqqında reportaj yayımlayıblar.

Arxiv üzrə axtarış