2018-12-06

AMEA-nın prezidenti Ukraynada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.

Ölkəmizin Ukraynadakı səfirliyinin binasında keçirilən görüş tələbələrin problemlərini və təkliflərini dinləmək, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində görüləcək işləri müzakirə etmək məqsədi daşıyıb.

Prezident İlham Əliyevin elmin, təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərdiyini vurğulayan A.Əlizadə ölkəmizdə gənc alimlərin stimullaşdırılması üçün köklü islahatların aparıldığını qeyd edib. Bildirib ki, AMEA gənc alimlərin sosial vəziyyətinin gücləndirilməsi üçün işləri davam etdirir. “Məqsədimiz gənclərin elmə marağını artırmaqdır. Gənc kadrların yetişdirilməsi AMEA-nın ən prioritet istiqamətlərindən biridir”, - deyə A.Əlizadə əlavə edib. AMEA-nın prezidenti Azərbaycanda elm və təhsil sahəsində son illər əldə olunan nailiyyətləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycanın Ukraynadakı səfir Azər Xudiyev isə çıxışında azərbaycanlı tələbələri daha aktiv olmağa çağırıb və bildirib ki, səfirlik gənclərin kreativ layihələrini dəyərləndirməyə hazırdır. O deyib: “Bu gün Azərbaycan elmi inkişaf edir, qloballaşan dünyanın elm sisteminin ayrılmaz tərkib hissəsinə çevrilir. Bu prosesin əsasında Prezident İlham Əliyevin böyük qayğısı dayanır”, - deyə səfir əlavə edib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri Füzuli Qurbanov elmin inkişafı ilə bağlı həyata keçirilən islahatlarda elmi fəaliyyətin yeni əsaslarla təşkili və idarə olunmasının, ölkənin intellektual resurslarının innovativ əsaslarla səfərbər edilməsinin, qabaqcıl texnologiyaların tətbiqinin, elmlərarası əlaqələrin daha da inkişafının xüsusi aktuallıq kəsb etdiyini vurğulayıblar.

Daha sonra tələbələr müxtəlif təkliflərlə çıxış ediblər. AMEA-nın prezidenti təkliflərə baxılaraq dəyərləndiriləcəyini qeyd edib.

Arxiv üzrə axtarış