2018-12-13

Kiyevdə ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib

Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə bağlı Kiyevdə Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsinin önündə anım mərasimi keçirilib.

Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən anım mərasimində bu ölkədə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin təmsilçiləri, azərbaycanlı tələbələr, diaspor nümayəndələri, yerli vətəndaşlar iştirak ediblər.

İştirakçılar əvvəlcə Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzərək, xatirəsini ehtiramla yad ediblər.

Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində göstərdiyi misilsiz xidmətlərdən danışan ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır. Onun misilsiz xidmətləri, qurduğu uğurlu strategiyası nəticəsində Azərbaycan dünyada seçilən güclü dövlətlərdən birinə çevrilib.

Sonra Ukraynada Azərbaycan diasporunun fəalı Akif Gülməmmədov, “SOCAR Energy Ukraine” şirkətinin baş direktoru Elçin Məmmədov Ümummilli Liderin Azərbaycan xalqı qarşısındakı unudulmaz xidmətlərindən danışıblar. Qeyd edilib ki, dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətə tarixi qayıdışından sonra böyük inamla dünya azərbaycanlılarının bir amal və bir məslək uğrunda fəal mübarizə aparmasına çalışıb və öz dühasının gücü ilə bu çətin işin öhdəsindən uğurla gəlib.

Arxiv üzrə axtarış