Ukraynanın “Fashion Diplomacy” jurnalının oxucuları Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumatlandırılıb
Ukraynanın ən nüfuzlu nəşrlərindən biri olan “Fashion Diplomacy” jurnalında Azərbaycanın bu ölkədəki səfiri Azər Xudiyevin müsahibəsi dərc olunub. Diplomat ölkələrimiz arasında qarşılıqlı münasibətlərin geniş tarixi spektrini təqdim edib, həyata keçirilən birgə layihələrdən, həmçinin Azərbaycan və Ukraynanın qarşılaşdığı çağırışlardan bəhs edib.
Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və nəticələri barədə ətraflı danışıb. O qeyd edib: “Qonşu Ermənistanın təcavüzü nəticəsində ölkəmizin ərazisinin böyük hissəsi – 20 faizi işğal olunub. Bu problem indiyədək sülh yolu ilə həllini tapmayıb. ATƏT onu “dondurulmuş” münaqişə adlandırır. Lakin biz bununla razılaşa bilmərik. Axı bu gün də bizim əsgər və zabitlərimiz həlak olur”.
A.Xudiyev əlavə edib ki, ölkələrimiz arasında ən yüksək səviyyədə intensiv siyasi dialoq və fəal diplomatik əməkdaşlıq mövcuddur. “Biz Ukrayna hakimiyyətinin bütün qolları ilə tam qarşılıqlı anlaşma əldə etmişik”, -deyə səfir vurğulayıb.
Müsahibədə yola saldığımız ildə və ən yaxın perspektivdə iki ölkə arasında siyasi və iqtisadi münasibətlərin inkişafı məsələlərindən də bəhs olunub.