Azərbaycanın Ukraynadakı səfirliyi qəhrəmanlıq göstərən soydaşlarımızı mükafatlandırıb
Azərbaycanın Ukraynadakı səfirliyi soydaşlarımız Umud və Sabir Şirinov qardaşlarını ukraynalı ailənin həyatlarını xilas edərkən göstərdikləri şücaət və qəhrəmanlığa görə xüsusi mükafatla təltif edib.
Bununla bağlı təşkil edilən mərasimində çıxış edən səfirliyin müşaviri Vüsal Süleymanov bildirib ki, Nikolayev şəhərində üç nəfəri yanan avtomobildən xilas edən soydaşlarımızın qəhrəmanlığını bütün Ukrayna cəmiyyəti rəğbətlə qarşılayıb. Yerli mətbuat geniş işıqlandırıb.
“Bu ənənə onu göstərir ki, xalqımız tarixən qəhrəmanlığı ilə seçilib. Öz həyatınızı riskə ataraq azyaşlı uşağı və valideynləri xilas etməklə Azərbaycan xalqının necə humanist, tolerant və qəhrəman olduğunu bir daha dünyaya nümayiş etdirdiniz”,- deyə V.Süleymanov əlavə edib.
Göstərilən diqqətə görə, səfirliyə təşəkkürünü bildirən U.Şirinov qeyd edib ki, hər bir azərbaycanlı yaşadığı yerdən asılı olmayaraq əməlləri ilə dövlətinin, xalqının başını uca tutmalıdır. Dövlətimizin dünyada yaşayan soydaşlarımıza diqqəti azərbaycanlıların fəaliyyətinə xüsusi stimul verir.
Qeyd edək ki, yanvarın 19-da axşam saatlarında Nikolayev şəhərinin Zayçevskoye kəndi yaxınlığında qoşqu yük maşınından qopub və üç nəfərdən ibarət ailənin içərisində olduğu minik avtomobilinə çırpılıb. Qəzadan dərhal sonra maşın alışıb. Hadisə zamanı yoldan keçən Umud və Sabir Şirinov qardaşları 40 metr aralıda aşmış avtomobili görüblər və onun içindən uşaq çığırtısını eşidiblər. Dərhal Şirinov qardaşları anlayıblar ki, hər bir saniyə qiymətlidir və həyatlarını təhlükə altında qoyaraq, yanan avtomobildən uşağı çıxarmağa tələsiblər. Maşının yan şüşələrini sındırsalar da, bir nəticə hasil olmayıb. Sonra arxadan yük yerinin qapısını sındıraraq, avtomobilə daxil olublar.
Bu dəfə onlar ağlayan 3 yaşlı uşağı və onun anasını avtomobildən çıxara biliblər. Maşında ön oturacaqların arasında ailə başçısı qalmışdı. Onu çıxarmaq praktiki olaraq qeyri-mümkün idi, alov isə boru vasitəsilə sürətlə qaz balonuna yaxınlaşırdı. Hamı qışqırırdı ki, qaçın, indi partlayış olacaq. Şirinov qardaşları isə aşkar təhlükəyə baxmadan yük yerindən içəri daxil olub, oturacaqları sındırıb və kişini dartıb çıxarıblar. O, huşsuz vəziyyətdə salonda ilişib qalmışdı.
Ailənin hər 3 üzvü xilas ediləndən təxminən bir dəqiqə sonra maşındakı qaz balonu partlayıb.