2019-02-21

Azərbaycan ilə Ukrayna arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan ilə Ukrayna arasında təhsil sahəsində əməkdaşlıq daha da inkişaf etdirilməli və təcrübə mübadiləsi aparılmalıdır.

Bu fikri Xarkovda Yaroslav Mudriy adına Milli Hüquq Universitetinin rektoru akademik, Ukraynanın Milli Qəhrəmanı Vasiliy Tatsiy ilə görüşündə ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev söyləyib.

Səfirin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biri də gənclərin savadlı yetişdirilməsidir. Bu baxımdan ölkəmizdə təhsilin inkişafına xüsusi diqqət göstərilir. Yaroslav Mudriy adına Milli Hüquq Universitetinin tarixi ənənələri olduğunu qeyd edən A.Xudiyev burada 70-ə yaxın azərbaycanlının təhsil aldığını vurğulayıb.

Azərbaycan universitetləri ilə əməkdaşlığa hazır olduğunu deyən V.Tatsiy bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağının təcrübəsinin azərbaycanlı həmkarları ilə bölüşməkdə maraqlıdır. “Biz birgə layihələrin həyata keçirilməsinin tərəfdarıyıq və maraqlı təklifləri müzakirə etməyə hazırıq”, - deyə rektor əlavə edib.

Görüşün sonunda Universitetin kitabxanasına Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinə dair xarici dillərdə çap olunan kitablar, disklər hədiyyə edilib.

Qeyd edək ki, görüşdə Azərbaycanın Poltavadakı fəxri konsulu Elşən Vəliyev, Azərbaycan Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev də iştirak ediblər.

Arxiv üzrə axtarış