Ukraynada tələbələrlə Xocalı soyqırımı ilə bağlı debat təşkil olunub
Ukraynanın Xarkov şəhərində Yaroslav Mudriy adına Milli Hüquq Universitetində Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə "Silahlı münaqişələrdə dinc əhalinin müdafiəsi" mövzusunda seminar keçirilib.
Azərbaycanın Ukraynadakı Səfirliyi və Universitetin birgə təşkil etdiyi seminarda ali təhsil ocağının hərbi, mülki fakültələrinin tələbələri, müəllim və professor heyəti, yerli KİV nümayəndələri iştirak ediblər. Xocalı soyqırımına dair çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları tarixin müxtəlif illərində olub. Bu münaqişələrdə həmişə Azərbaycanın mülki şəxslərinə qarşı amansız vəhşiliklər törədiblər. Səfir qeyd edib ki, hazırda Azərbaycanda hər doqquzuncu sakini qaçqın və ya məcburi köçkündür. Dağlıq Qarabağın Xocalı şəhərinin sakinlərinin kütləvi şəkildə məhv edilməsi bəşər tarixində bu vaxtadək insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi dəyərləndirilir. Xocalı qətliamı Xatın, Liditse, Oradur, Sonqmi, Ruanda və Serebrenitsadakı müdhiş hadisələrdən heç nə ilə fərqlənmir.
Hələ XIX əsrin əvvəllərində, Rusiyanın Cənubi Qafqazı ilhaq etməsindən sonra ermənilərin İran və Türkiyədən Azərbaycanın əzəli torpağına - Qarabağın strateji əhəmiyyətli dağlıq hissəsinə kütləvi köçürülməsini sübut edən tarixi faktlar barədə geniş məruzə edən Azərbaycan Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev çıxışında vurğulayıb ki, bu regionda ermənilərin sayının süni artırılması XX yüzilliyin əvvəlində erməni ifrat millətçiləri tərəfindən azərbaycanlıların talanlarına çevrilib. Bu dövrdə erməni şovinistləri “Daşnaksütyun” partiyasının proqramında irəli sürülmüş “böyük Ermənistan” ideyasını rəhbər tutaraq, azərbaycanlıların öz əzəli torpaqlarından qovulmasına yönələn etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başlayıblar.
Onun sözlərinə görə, Qarabağda erməni muxtariyyətinin yaradılması nəinki Azərbaycanın inzibati-ərazi bütövlüyünü pozurdu, həmçinin bundan sonrakı erməni ərazi iddiaları üçün başlanğıc nöqtəsi oldu. Eyni zamanda, XX əsrin ortalarında Ermənistandan 150 minə yaxın azərbaycanlı məcburi olaraq köçürüldü. 1988-ci ilin fevralında Dağlıq Qarabağda erməni siyasətçilərinin və onların havadarlarının uzun illər ərzində hazırladıqları və vilayətdə vəziyyətin gərginləşdirilməsinə yönəldilən planın reallaşdırılmasına başlanılıb. 1991-ci ilin sonunda Qarabağın dağlıq hissəsində 30-dan çox yaşayış məntəqəsi talan edilib və yandırılıb, 1992-ci ilin əvvəlində erməni qüvvələri DQMV-nin azərbaycanlılar yaşayan sonuncu məntəqəsini işğal ediblər. E.Tağıyev çıxışında Xocalı soyqırımına gətirib çıxaran hadisələri təfsilatı ilə şərh edib.
Seminar daha sonra debat şəkilində davam edib. İnstitutun tələbələrinin Dağlıq Qarabağ münaqişəsinə dair sualları cavablandırılıb.
Səfir seminardan sonra yerli KİV-lərə Xocalı soyqırımı barədə müsahibə verib.
Azərbaycanın Ukraynadakı səfirliyi