2019-05-01

Azərbaycanın Ukraynadakı səfirinin Harvard Universitetinin saytında “Bir kəmər, bir yol” layihəsinə dair məqaləsi yerləşdirilib

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin müəllifi olduğu ““Bir kəmər, bir yol” layihəsi çərçivəsində Azərbaycanın Xəzər və Qara dəniz hövzələri ölkələri ilə əməkdaşlığında rolu” sərlövhəli məqalə yerləşdirilib.

İngilis və rus dillərində çap edilən məqalədə Azərbaycanın son 15 ilin inkişaf mərhələsində təkcə Cənubi Qafqazda deyil, eyni zamanda, Avropa regionunda da sabitliyin inkişafına və qorunmasına böyük təsir göstərdiyi qeyd edilir.

Müəllif vurğulayır ki, Azərbaycan regionda iri beynəlxalq layihələrin həyata keçirilməsində lokomotiv rolunu oynayır. Bu layihələr vasitəsilə Azərbaycan hökuməti demək olar ki, bütün bölgənin infrastruktur xəritəsini dəyişir. Azərbaycanın “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsində iştirakı çoxtərəfli xarakter daşıyır. Bu böyük layihənin əsas iştirakçılarından biri olaraq, Azərbaycan əsas və kommunikativ funksiyanı yerinə yetirir. Bununla da Azərbaycan Cənubi Qafqazda geosiyasi mərkəz olaraq yalnız “Qərb-Şərq” və “Şimal-Cənub” marşrutlarının kəsişməsində coğrafi deyil, eyni zamanda, regional və beynəlxalq geosiyasi, geoiqtisadi, geomədəni strukturların üzvü kimi, Qərb ilə Şərq arasında körpülər qurmaq üçün nəzərdə tutulmuş bir sıra layihələr çərçivəsində fəaliyyət göstərir. Şübhəsiz ki, belə bir layihə çərçivəsində “Bir kəmər, bir yol” xüsusi yer tutur.

Bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sinxua agentliyinə son müsahibəsində “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Azərbaycanın yeri və rolu barədə çox maraqlı fikirləri yer alıb. Prezident müsahibəsində deyir: “Əminəm ki, müxtəlif ölkələri birləşdirən nəqliyyat layihəsinin təməlində geosiyasət dayanır. Bu layihələr geosiyasi vəziyyətə təsir edir, sabitliyə və proqnozlaşdırıla bilməyə töhfə verir və qarşılıqlı asılılıq yaradır. Qonşularsız biz tranzit ölkəyə çevrilə bilmərik. Yəni, bu, dövlətlərdən ibarət zəncirdir və biz Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan yolun üzərindəyik. Bununla da biz qitələri və ölkələri birləşdirir və daha da proqnozlaşdırıla bilən gələcək qururuq”.

Müəllif qeyd edir ki, rəsmi Bakı üçün “Bir kəmər, bir yol” təşəbbüsü üç aspektdə cəlbedicidir: 1) ölkələr və bölgələr arasında iqtisadi əməkdaşlığı inkişaf etdirə bilər; 2) bu təşəbbüs geniş geosiyasi məkanda təhlükəsizlik sisteminin gücləndirilməsinə mühüm töhfə verə bilər; 3) “Bir kəmər, bir yol” mədəniyyətlərarası və sivilizasiyalararası münasibətlərin möhkəmlənməsinə və inkişaf etdirilməsinə, xalqlar arasında əlaqə yaratmağa xidmət edə bilər.

Məqalədə daha sonra Azərbaycanın regionda rolu təhlil edilir. Ölkəmizin Xəzər və Qara dəniz hövzələri ölkələri ilə əməkdaşlığında rolu barədə də geniş fikirlər vurğulanır.

Arxiv üzrə axtarış