2019-05-13

Kiyevdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş etno-caz festivalı keçirilib

Ukraynanın paytaxtı Kiyevdə Heydər Əliyev adına istirahət parkında Ulu Öndərin anadan olmasının 96 illiyinə həsr olunmuş etno-caz festivalı keçirilib.

Azərbaycanın Ukraynadakı səfirliyinin və Kiyev şəhər Dövlət Administrasiyasının təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycan və Ukraynanın tanınmış mədəniyyət və incəsənət xadimləri, Ukrayna Xarici İşlər Nazirliyinin, meriyanın rəsmiləri, Ukrayna Ali Radasının deputatları, xarici diplomatik korpus rəhbərləri, yerli media nümayəndələri və şəhər sakinləri iştirak ediblər. İlk öncə ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb.

Azərbaycanla Ukrayna arasında iqtisadi, siyasi, elmi və mədəni əlaqələrin möhkəm əsaslar üzərində qurulmasında ümummilli lider Heydər Əliyevin misilsiz rolu olduğunu vurğulayan səfir yerli sakinlərin və xarici turistlərin zövqünü oxşayan istirahət parkında Ulu Öndərin xatirəsinə həsr olunmuş etno-caz musiqi festivalının unudulmaz anlar yaşadacağını qeyd edib.

Tədbirdə çıxış edən Ukrayna  Caz Assosiasiyasının rəhbəri Sergey Qrabar Azərbaycanın tarixin bütün dönəmlərində dünyanın musiqi xəzinəsinə bəxş etdiyi dəyərli töhfələrdən  danışıb. Paytaxt Kiyev şəhərində Azərbaycanla Ukraynanın tanınmış cazmenlərinin iştirakı ilə musiqi festivalının  ənənəvi hal almasına görə Azərbaycanın Ukraynadakı səfirliyinə minnətdarlığını bildirib. 

Sonra Fransada yaşayan azərbaycanlı caz ifaçı, bəstəkar və pianoçu Etibar Əsədlinin və tanınmış tarzən Şəhriyar İmanovun birgə ifası musiqisevərlərə duyğulu anlar yaşadıb.

Açıq səma altında keçirilən festivalda E.Əsədli və Ş.İmanovun birgə caz kompozisiyası dinləyicilərin böyük rəğbətinə səbəb olub. Daha sonra Ukraynanın məşhur “Z-Band” qrupunun ifasında maraqlı caz kompozisiyası iştirakçıların yaddaşında böyük iz buraxıb.

Arxiv üzrə axtarış