Kiyevdə mütəfəkkir şair İmadəddin Nəsiminin heykəlinin rəsmi açılış mərasimi keçirilib
Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir-şair İmadəddin Nəsiminin heykəlinin rəsmi açılış mərasimi keçirilib.
Azərbaycanın Ukraynadakı səfirliyinin sifarişi və təşəbbüsü ilə Kiyevdə mərkəzi parkların birində ucaldılan İmadəddin Nəsiminin heykəlinin açılış mərasimində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Kiyev şəhər meri Vitali Kliçko, diplomatik korpusların nümayəndələri, soydaşlarımız, şəhər sakinləri və yerli KİV təmsilçiləri iştirak ediblər.
Tədbir Azərbaycan və Ukraynanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Kiyev şəhər meri Vitali Kliçko çıxışına mütəfəkkir-şairimizin sitatları ilə başlayıb. O bildirib ki, Kiyevin mərkəzi hissəsində Nəsimi kimi tanınmış bir şəxsin heykəlinin ucaldılması sevindirici haldır. “Bu, bir daha Ukrayna və Azərbaycan xalqlarının bir-birinə verdiyi dəyərin nəticəsidir”, deyə Kliçko əlavə edib.
Hələ ümumilli lider Heydər Əliyevin Azərbaycan və Ukrayna arasında əməkdaşlığın inkişafına böyük töhfə verdiyini vurğulayan Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
“Bakıda Şevçenko, Kiyevdə Ulu Öndər Heydər Əliyev, Müslüm Maqomayev və indi də İmadəddin Nəsiminin heykəlinin ucaldılması hər iki ölkə arasında dost, qardaş münasibətlərin bariz nümunəsidir”, deyə E.Əzizov əlavə edib.
Heykəlin müəllifi Ukraynanın Xalq rəssamı, tanınmış heykəltəraş həmyerlimiz Seyfəddin Qurbanov isə çıxışında heykəlin hazırlanmasında göstərdiyi təşəbbüs və köməyə görə səfir Azər Xudiyevə təşəkkürünü bildirib. İmadəddin Nəsimi kimi dahi bir şəxsiyyətin heykəlinin müəllifi olmasından qürur hissi keçirdiyini vurğulayıb.
İmadəddin Nəsiminin heykəlinin açılış mərasimində iştirak etdiklərinə görə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı və Kiyev merinə təşəkkürünü qeyd edən səfir Azər Xudiyev bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili”nin elan edilməsi çərçivəsində bir sıra kütləvi tədbirlər keçirilir. Səfirin sözlərinə görə, İmadəddin Nəsiminin heykəlinin ucaldılması Azərbaycanı dünyada daha da tanıtdıracaq.
Daha sonra şair Şəhriyar Der Gerani İmadəddin Nəsiminin qəzəllərini səsləndirdi. Bundan sonra Nəsiminin heykəlinin üzərindəki ağ örpək açılıb.
Xatırladaq ki, heykəl Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili”nin elan edilməsi çərçivəsində ucaldılıb.