Xarkov şəhər merinə İrəvan xalçalarına dair kitab hədiyyə edilib
Ukraynanın Xarkov şəhərinin yaradılmasının 365-ci ildönümü münasibətilə şəhər meri tərəfindən rəsmi qəbul keçirilib. Bir çox xarici ölkələrin şəhər merləri, dövlət administrasiya rəhbərləri, diplomatik nümayəndəliklərin qatıldığı tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları da iştirak ediblər.
Xarkov şəhər meri Gennadi Kernes çıxışında qeyd edib ki, Xarkov 76 il öncə alman faşistlərindən azad edildikdən sonra inkişaf edib. Hazırda da şəhərin daha da inkişafı üçün layihələr həyata keçirilir. Bu işdə beynəlxalq tərəfdaşlar da öz töhfəsini verməkdədir. Mer bildirib ki, Xarkov şəhərinin beynəlxalq əlaqələri genişlənir, qardaş şəhərlərin sayı artmaqdadır.
Səfirliyimizin əməkdaşı Samir Allahverdiyev Azərbaycan adından merə İrəvan xanlığına aid olan xalçalara dair kitab təqdim edib. Səfirin təbriklərini çatdıran S.Allahverdiyev bildirib ki, İrəvan xalçaları Azərbaycanın tarixən daha çox tanınan xalçalar qrupuna aiddir.
Mer göstərilən diqqətə görə, Azərbaycanın Ukraynadakı səfirliyinə təşəkkürünü bildirib.