İrpendə akademik Zərifə Əliyeva adına orta məktəbin fəaliyyətə başlamasının 25 illiyi qeyd edilib
Ukraynanın İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyeva adına 12 nömrəli orta məktəbin yaradılmasının 25 illiyi təntənəli şəkildə qeyd edilib. Tədbirdə xarici diplomatik nümayəndəliklərin Ukraynadakı təmsilçiləri, İrpen şəhər Dövlət Administrasiyasının rəhbərliyi, ölkənin Təhsil Nazirliyinin nümayəndələri, pedaqoqlar və KİV təmsilçiləri iştirak ediblər.
Orta məktəbin direktoru Valentina Antonenko təhsil müəssisəsinin 25 ildə keçdiyi şərəfli yoldan danışıb. Bildirib ki, bu illər ərzində orta məktəb uğurlu layihələr həyata keçirib, onun xarici dillər bölməsi yaradılıb. Hazırda məktəbin xarici dillər bölməsində 10-a yaxın dil tədris olunur. “Məqsədimiz məktəbdə tədris olunan xarici dillərin sayını artırmaq, bununla da xarici ölkələrin mədəniyyətini Ukraynada, Ukraynanın mədəniyyətini isə xarici ölkələrdə tanıtmaqdır”, - deyə məktəbin direktoru bildirib.
Tədbirdə akademik Zərifə Əliyeva haqqında geniş məlumat verilib, onun xatirəsi anılıb. Qeyd edilib ki, Heydər Əliyev kimi dahi şəxsiyyətə sədaqətli ömür-gün yoldaşı olan Zərifə Əliyeva əsl ziyalı alim, mehriban və qayğıkeş ana obrazının təcəssümünə çevrilib.
Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Vüsal Süleymanov çıxışında bu məktəbin ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, məktəblə sıx əməkdaşlıq qurulub, birgə layihələr həyata keçirilir. Məktəbin inkişafı üçün Azərbaycan tərəfi öz köməyini göstərməkdə davam edir. “Qürurverici haldır ki, Zərifə Əliyeva kimi dəyərli şəxsiyyətin xatirəsi Azərbaycan ilə yanaşı, Ukraynada da böyük ehtiramla yad olunur”, - deyə diplomat əlavə edib.
Sonra digər çıxış edənlər orta məktəbin uğurlarından danışıblar. Tədbirin sonunda sülh rəmzi olan 25 göyərçin səmaya buraxılıb.