2019-09-12

Kiyevdə amputasiyalı müharibə veteranlarından ibarət minifutbol üzrə Ukrayna və Azərbaycan komandaları arasında yoldaşlıq görüşü keçirililb

Sentyabrın 11-də Kiyevdə Ukraynanın və Azərbaycanın amputant veteranlardan ibarət komandaları arasında mini futbol üzrə beynəlxalq yoldaşlıq görüşü keçirililb.

Yarış Ukrayna müdafiəçilərinin idman vasitəsilə reabilitasiya proqramı çərçivəsində və Ukrayna Prezidentinin döyüş əməliyyatları iştirakçılarının reabilitasiya məsələləri üzrə müvəkkili Vadim Sviridenkonun təşəbbüsü ilə təşkil olunub.

Ukrayna Müdafiəçilərinin İdman Reabilitasiyası Milli Şurası, Ukrayna Futbol Assosiasiyası, Kiyev Şəhər Antiterror Əməliyyatlarının İştirakçılarına Yardım Mərkəzi və Ümumukrayna Müharibə, Silahlı Qüvvələr və Hərbi Döyüş Əməliyyatları İştirakçıları Təşkilatı da yarışın əsas təşkilatçıları qismində çıxış ediblər.

Ukrayna Futbol Federasiyasının V.Bannikov adına təlim-məşq kompleksində keçirilən oyundan əvvəl Ukraynada Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri, bu ölkənin Xalq artisti Qurban Abbasov və yerli müğənni Natalya Kudryaşova Azərbaycana aid klassik musiqilər ifa ediblər. Sonra Azərbaycanın və Ukraynanın dövlət himnləri səsləndirilib.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək bildirib: “Bu gün təşkil olunan qarşılaşma Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin daha bir bariz nümunəsidir. Bu gün bu oyunda dostluq qalib gələcək. Bildiyiniz kimi, Azərbaycan komandasını təmsil edənlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Vətən uğrunda döyüşlərdə əlil olublar. Onların igidliyi qarşısında baş əyirəm”.

Əlil Döyüşçüləri Futbol Federasiyasının (ƏDFF) prezidenti Rövşən Quliyev, vitse-prezidenti Elmar Hüseynov çıxışlarında təşkilatçıları minnətdarlıq ediblər. Qeyd edilib ki, bu gün Qarabağ döyüşlərində əlil olan futbolçularımız Vətən uğrunda döyüşlərdə yenidən iştirak etmək üçün Ali Baş Komandan İlham Əliyevin əmrlərinə hazırdırlar. Federasiyaya yaxından dəstək olan Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya təşəkkür edən natiqlər vurğulayıblar ki, amputant veteranlardan ibarət Azərbaycan yığması bu yarışlarla həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqları dünyaya çatdırırlar.

Ukrayna Futbol Federasiyasının birinci vitse-prezidenti Vladimir Kostyuçenko, Ukrayna Əlil-Amputant Futbol Federasiyasının prezidenti Yuriya Şuruli çıxışlarında belə yarış və oyunların keçirilməsinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, bu cür təşəbbüslər əlil veteranların cəmiyyətə inteqrasiyası baxımından önəmlidir.

Sonra futbol matçına start verilib. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Arxiv üzrə axtarış