Ukraynada Azərbaycanın ilk Mədəniyyət və İnformasiya Mərkəzi açılıb
Azərbaycanın Ukraynadakı Səfirliyinin dəstək və təşkilatçılığı ilə Xarkov şəhərində ölkəmizin ilk Mədəniyyət və İnformasiya Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.
Açılış mərasimində Azərbaycan Mədəniyyət Nazirliyinin rəsmiləri, səfirliyin, “SOCAR Ukraine”nin əməkdaşları, Xarkov Vilayət Dövlət Administrasiyasının, şəhər meriyasının nümayəndələri, Ukraynanın ictimai-siyasi xadimləri, soydaşlarımız iştirak ediblər.
Tədbir Azərbaycan və Ukraynanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra iki ölkənin dövlət bayrağı 12 metr hündürlüyündə havaya qaldırılıb.
Mərkəzin fəaliyyətə başlamasını tarixi hadisə adlandıran Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, 9 noyabr-Dövlət Bayrağı Günü ərəfəsində Ukraynanın ikinci ən böyük şəhərində üçrəngli bayrağımızın dalğalanması qürurvericidir. Dövlət bayrağımızın dalğalanması burada yaşayan soydaşlarımızın milli özünüdərk və müstəqillik ideallarını, həmrəylik duyğularını gücləndirəcək.
Diplomat bildirib ki, Prezident İlham Əliyevin tapşırığı və tövsiyəsi ilə Ukraynada Azərbaycan mədəniyyəti və tarixinin tanıdılması üçün bir sıra layihələr həyata keçirilir. Xarkovda Azərbaycanın Mədəniyyət və İnformasiya Mərkəzinin fəaliyyətə başlaması ölkəmizin mədəniyyətinin, tarixinin təbliğinə öz töhfəsini verəcək. A.Xudiyev Ukraynanın digər şəhərlərində də Azərbaycanın Mədəniyyət mərkəzlərinin açılacağının planlaşdırıldığını vurğulayıb.
Səfir sonda göstərdikləri dəstəyə görə, Xarkov merinə təşəkkürünü bildirib.
Azərbaycan Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev bildirib ki, Azərbaycan ilə Ukrayna arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlıq yüksək səviyyədədir. “Azərbaycan dövləti həmişə xarici ölkələrdə mədəniyyətimizin təbliği üçün istənilən təşəbbüsü dəstəkləyir. İnanıram ki, Azərbaycanın bu mədəniyyət mərkəzi xarkovlular və şəhərin qonaqları üçün xüsusi əhəmiyyətə malik olacaq. Mədəniyyət tədbirlərinin keçiriləcəyi məkana çevriləcək”, - deyə F.Babayev əlavə edib.
Azərbaycanın dövlət bayrağı günü ərəfəsində Xarkovda belə möhtəşəm Mədəniyyət mərkəzinin açılmasının xüsusi məna verdiyini deyən şəhər merinin birinci müavini İqor Terexov bildirib ki, yeni mərkəz iki ölkənin dost münasibətlərini daha da möhkəmləndirəcək.
Xarkov vilayət Dövlət Administrasiyasının İqtisadiyyat və beynəlxalq münasibətlər departamentinin direktoru Andrey Kolos, Azərbaycan Mədəniyyət və İnformasiya Mərkəzinin direktoru, Ukraynanın Xalq rəssamı, heykəltəraş, soydaşımız Seyfəddin Qurbanov çıxış edərək mərkəzin əhəmiyyətindən danışıblar.
Daha sonra mərkəzin rəmzi açılışını bildirən qırmızı lent kəsilib.
Açılış zamanı Kiyev Texnologiya və Dizayn Milli Universitetinin aspirantı Elnarə İsgəndərova, Samux rayon Heydər Əliyev Mərkəzinin müdiri Nuranə Həsənova, Gəncə Dövlət Texnologiya Universitetinin dissertantı Hicran Ramazanova qonaqlara Qarabağ xanlığının milli geyimlərinin təqdimatını ediblər.
Tədbir Azərbaycanın və Ukraynanın sənət adamlarının konsert proqramı ilə davam edib.
Qeyd edək ki, Mədəniyyət və İnformasiya Mərkəzi ərazisində Azərbaycan və Ukraynanın sarsılmaz dostluğunu tərənnüm edən abidə, hər iki ölkənin mütəfəkkirləri və tarixi şəxsiyyətlərin heykəlləri, müxtəlif kompozisiyalar mövcuddur.