2019-11-18

Xarkov Milli Universitetində “Azərbaycanın regional təhlükəsizlikdə rolu” mövzusunda mühazirə oxunub

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Karazin adına Xarkov Milli Universitetində tələbələr qarşısında “Azərbaycanın regional təhlükəsizlikdə rolu” mövzusunda mühazirə oxuyub. Mühazirədən öncə səfirlə universitetin prorektoru Nikolay Azarenkov arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub, təhsil müəssisələri arasında təcrübə, kadr mübadiləsinin vacibliyi vurğulanıb. A.Xudiyev İrəvan xalçalarına dair kitabı hədiyyə edərək, Qarabağın tarixi haqqında geniş məlumat verib.

Sonra səfir universitetin muzeyi ilə tanış olub. Bildirilib ki, Ukraynada tarixinə görə ikinci olan bu universitetin gələn il 215 illiyi təntənəli şəkildə qeyd ediləcək. Zəngin eksponatları ilə dolu olan muzeydə Azərbaycanın “Qarabağ”, “Ağdam” və digər məşhur şərab brendlərinə dair guşə də mövcuddur.

Daha sonra tələbələr qarşısında mühazirə oxuyan səfir bildirib ki, balanslandırılmış xarici siyasət yürüdən Azərbaycan bir neçə regionun təhlükəsizliyinin etibarlı və davamlı olmasında mühüm geopolitik faktor kimi çıxış edir. Son illərdə beynəlxalq səviyyədə ölkəmizə qarşı diqqətin davamlı olaraq yüksəlməsinə gətirib çıxaran ən mühüm səbəblərdən biri də sürətli inkişaf yolunda irəliləyən Azərbaycanın uğurlu tərəqqi modelinin əsasını qoymasıdır. Bunun nəticəsidir ki, dünyada inkişafın Azərbaycan modelindən getdikcə daha çox bəhs olunmağa başlanılır, onun konkret xüsusiyyətlərinin öyrənilməsinə böyük diqqət yetirilir. Azərbaycan bütövlükdə regionun siyasi, iqtisadi, xüsusilə enerji təhlükəsizliyinin təminatında lokomotiv rolunu oynayır.

Azərbaycanın bir çox regional layihələrin müəllifi olduğunu qeyd edən səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regionun iqtisadi inkişafına əngəl törətdiyini vurğulayıb. Hazırda bütün sahələrdə mühüm uğurlara imza atan Azərbaycan bu problemi yaşamasaydı, təbii ki, daha böyük nailiyyətlər əldə etmiş olardı.

Sonda səfir tələbələrin suallarını cavablandırıb.

Arxiv üzrə axtarış