Kiyevdə Azərbaycan multikulturalizmi haqqında Ümumukrayna esse müsabiqəsinin qalibləri təltif edilib
Taras Şevçenko adına Milli Muzeydə tələbələr arasında “Azərbaycan multikulturalizmi fundamental sülh və tolerantlıq konsepsiyası kimi” mövzusunda Ümumukrayna esse müsabiqəsinin qaliblərinin təltif edilməsi mərasimi keçirilib.
Müsabiqənin və təltif mərasiminin təşkilatçısı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzidir. Beynəlxalq Tolerantlıq Günü ilə eyni vaxtda düşən təltif mərasimi çərçivəsində müsabiqənin qaliblərinə fərmanlar və hədiyyələr təqdim edilib. Müsabiqədə ilk üç yeri tutan iştirakçılar yay və qış beynəlxalq multikulturalizm məktəblərinə dəvət alıblar.
Müsabiqədə birinci yeri Taras Şevçenko adına Kiyev Milli Universitetinin tələbəsi Marina Stesenko olub. İkinci yeri Kiyev Milli Linqvistika Universitetinin tələbəsi Andrey Polivin, üçüncü yeri Draqomanov adına Milli Pedaqoji Universitetinin tələbəsi Yuliya Qavrilko tutub. Bu üç nəfər yay və qış beynəlxalq multikulturalizm məktəblərində iştirak edəcəklər. Taras Şevçenko adına Kiyev Milli Universitetinin tələbələri müsabiqədə mükafata layiq daha bir neçə yeri tutublar: Yan Muqumov dördüncü, Katrina Krisak beşinci, Darya Verbitskaya altıncı, Luiza Daştamirova yeddinci yerin sahibi olub.
Səkkizinci yer Kiyev Milli Linqvistika Universitetinin tələbəsi Karina Qədirovaya, doqquzuncu yer Karazin adına Xarkov Milli Universitetinin nümayəndəsi Anatoli Filinə, onuncu yer Kiyev Mədəniyyət Universitetinin təmsilçisi Roman Popova nəsib olub.
Müsabiqə qaliblərini Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş müşaviri Tofiq Abbasov təbrik ediblər.
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev deyib: “Bu gün dünyada vəziyyət çox qeyri-sabitdir. Sülh və tolerantlıq dəyərlərinin beynəlxalq səviyyədə bərqərar olması və inkişafı, dini və etnik zəmində münaqişələrin qarşısının alınması üçün Azərbaycan, o cümlədən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi vasitəsilə böyük iş aparır. Əminəm ki, bu cür müsabiqələr sayəsində ukraynalı tələbələr Azərbaycan haqqında, Azərbaycan dəyərləri haqqında daha çox məlumat əldə edəcəklər. Belə dəyərlərdən biri də dini və etnik mənsubiyyətdən asılı olmayaraq qarşılıqlı hörmət prinsipidir. Mən mükafata layiq yerləri tutanların hamısını təbrik etmək, Azərbaycana gedəcək şəxslərə xoş səyahət arzulamaq istəyirəm”.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş müşaviri Tofiq Abbasovun sözlərinə görə, 2008-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə başlanmış “Bakı prosesi” bu gün dünyada humanist dəyərlərin bərqərar olmasında çox mühüm rol oynayır. Tofiq Abbasov deyib: “Əvvəllər bəzi ölkələr bu təşəbbüsə şübhə ilə yanaşırdı. Lakin zaman keçdikcə onlar razılaşdılar ki, “Bakı prosesi”nin alternativi yoxdur və o, həm regionda, həm dünyada müxtəlif xalqların və dinlərin tolerantlıq şəraitində dinc yanaşı mövcud olması üçün müstəsna əhəmiyyət kəsb edir”.
Tədbir çərçivəsində bədii nömrələr də təqdim edən ukraynalı tələbələr Azərbaycan mədəniyyəti barədə öz anlayışlarını nümayiş etdiriblər. Məsələn, Milli Rəhbər Mədəniyyət və İncəsənət Kadrları Akademiyasının aktyorluq fakültəsinin üçüncü kurs tələbələri Səməd Vurğunun “Vaqif” dramından səhnələr göstəriblər. Rolları Vladislav Poslavski, İvan Şestopal, Vladislav Drin, Anna Sıdores, Sergey Xoroles, Mariçka Verxnyak və Valeriya Xvorastuxina ifa ediblər. Kollektivin bədii rəhbəri müstəqil Ukraynanın ilk mədəniyyət naziri, Ukraynanın Xalq artisti Larisa Xorolestdir.
“Vaqif” əsərini məxsusi bu tamaşa üçün Ukrayna dilinə şair və filosof Vano Kryuqer tərcümə edib. Çaykovski adına Milli Musiqi Akademiyasının tələbəsi Marinana Volkova kobza adlı Ukrayna musiqi alətində “Sarı gəlin” Azərbaycan xalq mahnısını ifa edib.
Taras Şevçenko adına Kiyev Milli Universitetinin türkologiya fakültəsinin üçüncü kurs tələbələri “Sarı gəlin” Azərbaycan xalq mahnısını oxuyub, daha sonra Səməd Vurğunun “Azərbaycan” şerini Azərbaycan dilində səsləndiriblər. Oleq Serbin Müslüm Maqomayevin repertuarından “Sinyaya veçnost” mahnısını ifa edib, Aleksandra Petko isə “Leyli və Məcnun” əsərindən bir parçanı deklamasiya deyib. A.Petko bu əsəri xüsusi sevgi ilə təqdim edib, çünki onun ailəsi vaxtilə bolşeviklərin təqibindən qaçarkən məhz azərbaycanlılar onlara kömək ediblər və həmin ailənin bir neçə nəsli Bakı ətrafında yaşayıb.
Tədbirin aparıcısı məşhur ukraynalı şair və ictimai xadim Lesya Mudrak idi. Ümumukrayna esse müsabiqəsinin əlaqələndiricisi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin üzvü Marina Qonçaruk qeyd edib ki, Azərbaycan multikulturalizmi konsepsiyası həm də Azərbaycanın keçdiyi tarixi inkişaf yolu və Azərbaycan xalqının zəngin mədəni irsi haqqında məlumat deməkdir. Marina Qonçaruk deyib: “Mənim nəzərimdə Azərbaycan multikulturalizmi konsepsiyası haqqında məlumat bu gözəl ölkəni özü üçün yenicə kəşf edənlərdən ötrü Azərbaycanın təqdimatının ayrılmaz hissəsidir. Çox şadam ki, bu gün Azərbaycan mədəniyyətinin təqdimatında bu qədər çoxsaylı ukraynalılar iştirak edir. Onların hər biri bu gün təqdim etdikləri nömrələr üzərində uzun müddət çalışıb, məsləhətləşib, xeyli səy göstərib. Azərbaycan populyarlaşdırılmasında ukraynalıların fəal iştirakı çox vacibdir”.
Tədbirdə universitetlərin, digər təhsil müəssisələrinin nümayəndələri, ziyalılar və tələbələr iştirak ediblər.