2019-11-26

Ukraynanın tanınmış şairi, tərcüməçisi nəsimişünas Pavlo Movçan ziyarət edilib

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev xəstəxanada müalicə alan Ukraynanın tanınmış şairi, tərcüməçisi, ictimai xadimi, nəsimişünas Pavlo Movçanı ziyarət edib.

Ziyarətə görə təşəkkürünü bildirən P.Movçan görüşdə ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini də bölüşüb. Bildirib ki, sovet dövründə o Nəsiminin şerlərini tərcümə edib, dövlət tədbirlərində səsləndirib.

“Sovet dövründə bir dəfə Azərbaycanda dövlət səviyyəsində ədəbiyyat tədbiri keçirilirdi. Mən də həmin tədbirə dəvət almışdım. Tədbirdə Nəsiminin tərcümə etdiyim şerlərini səsləndirdim. O dövrdə tədbirdən sonra Heydər Əliyevlə görüşümüz oldu. Məndən nə arzuladığımı soruşdu, mən isə “Nəsiminin qəbrini ziyarət etmək istədiyimi” dedim. Qısa müddətdə Heydər Əliyev məni Nəsiminin qəbrini ziyarət etmək üçün Suriyaya göndərdi”, - deyə P.Movçan əlavə edib.

P.Movçan Azərbaycanda xeyli şairlərlə dostluq etdiyini bildirərək, ölkəmizə böyük məhəbbətinin olduğunu vurğulayıb.

Öz növbəsində, şairə sağlam həyat arzulayan səfir A.Xudiyev Ulu Öndərin Azərbaycan ədəbiyyatına böyük diqqət yetirdiyini qeyd edib: “Ümummilli lider Heydər Əliyev istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi zaman ziyalılarımıza, ədəbiyyat adamlarına böyük diqqət və qayğı göstərib. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev əvvəlki hakimiyyətdən narazı qalaraq xaricə üz tutan ədəbiyyat adamlarımızı, yazıçı və şairlərimizi Vətənə qaytardı. Bu gün də bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”, deyə səfir əlavə edib.

Qeyd edək ki, 80 yaşlı P.Movçan bir neçə dəfə Ukraynanın Ali Radasının deputatı olub. Ukraynanın ən ali dövlət mükafatları ilə təltif edilib.

Arxiv üzrə axtarış