2019-12-10

Kiyev Milli Universitetinin tələbələrinə Azərbaycanın xarici siyasəti barədə məlumat verilib

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Taras Şevçenko adına Kiyev Milli Universitetində tələbələr qarşısında “Azərbaycanın regionda rolu və beynəlxalq təhlükəsizliyə verdiyi töhfə” mövzusunda mühazirə oxuyub.

Dünyada baş verən sürətli dəyişikliklər şəraitində ayrı-ayrı dövlətlər və bütövlükdə bəşəriyyət terrorçuluq, etnik separatizm və münaqişələrlə üzləşir.

Səfir vurğulayıb ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi balanslandırılmış xarici siyasət Azərbaycanı bir neçə regionun təhlükəsizliyinin etibarlı və davamlı olmasında mühüm geosiyasi faktora çevirib. Bildirilib ki, ölkəmiz regionda sülhün və sabitliyin bərqərar olması üçün regional əməkdaşlığı əvəzolunmaz amil kimi qiymətləndirir, eyni zamanda, Ermənistanın təcavüzkar siyasətini Cənubi Qafqazda hərtərəfli regional əməkdaşlıq yolunda əsas maneə kimi görür.

A.Xudiyev qeyd edib ki, çoxşaxəli tarazlaşdırılmış xarici siyasət həyata keçirən Azərbaycan bütün dövlətlərlə suverenliyə və ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı və daxili işlərə qarışmama kimi beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri əsasında dost münasibətləri qurur. Azərbaycanın strateji coğrafi mövqeyi onun Avro-Atlantik məkandakı siyasi və iqtisadi proseslərdə olduqca mühüm rol oynamasını təmin edib. Bu, regiondakı enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində özünü büruzə verməkdədir.

Sonda səfir tələbələrin suallarını cavablandırıb və xatirə kitabına ürək sözlərini yazıb.

Arxiv üzrə axtarış