Ukrayna portalı Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatdan yazır
Ukraynanın newsplanet.com.ua portalında Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi təxribata dair açıqlama dərc edilib.
Məqalədə qeyd olunur ki, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutub. Azərbaycan silahlı qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınıb. Azərbaycan silahlı qüvvələri operativ vəziyyətə nəzarət edir. Ermənistan tərəfi hər hansı ərazi əldə etməyə müvəffəq olmayıb.
Hikmət Hacıyev deyib ki, Ermənistan tərəfindən Ermənistan-Azərbaycan sərhədində artilleriya qurğularından istifadə edərək Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum edilməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır.
Ermənistan bu kimi hərbi avantüra yolu ilə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam edən təcavüzü və sərhəddə törətdiyi təxribatlar, həm də Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilatın hüquqi sənədlərinə ziddir.
Məqalədə H.Hacıyevin sitatına istinadla vurğulanır ki, Ermənistan BMT Nizamnaməsini və digər beynəlxalq hüquqi öhdəliklərini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi təcavüz etməklə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal edib. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.
Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur.
Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür.