2020-07-15

Ukraynadakı Azərbaycan gəncləri Ermənistan tərəfinin son provokasiyasını pisləyən bəyanatla çıxış ediblər

Azərbaycan-Ermənistan sərhədində iyulun 12-dən başlayan silahlı qarşıdurma təkcə Azərbaycanda deyil, həm də dünyanın müxtəlif guşələrində olan Azərbaycan diasporu arasında narahatlıq yaradıb.

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) rəhbəri İlhamə Allahverdiyeva bunu AZƏRTAC-a müsahibəsində bildirib.

İ. Allahverdiyeva qeyd edib ki, onun rəhbərlik etdiyi təşkilat Ermənistan-Azərbaycan münaqişəsinin eskalasiyasına gətirib çıxaran Ermənistan silahlı qüvvələrinin növbəti provokasiyasını qətiyyətlə pisləməsi barədə dərhal bəyanat yayıb, həmçinin Ukrayna və dünya ictimaiyyətini Ermənistanın təcavüzkar hərəkətlərinə ədalətli dəyər verməyə çağırıb. Azərbaycan silahlı qüvvələri Azərbaycan ərazisini müdafiə etməyə tam hazırlıq nümayiş etdirir.

İ.Allahverdiyeva daha sonra deyib: “Həlak olmuş qəhrəmanların yaxınlarına və doğmalarına, həmçinin bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. İki ölkənin sərhədində Tovuz istiqamətində, işğal edilmiş Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun təmas xətti yaxınlığında silahlı provokasiya Ermənistanın özünü müdafiə etməkdən ötrü silahlı münaqişəyə üçüncü dövləti cəlb etmək cəhdini nümayiş etdirir. Bu vəziyyətdə dünya birliyinin ədalətli reaksiyası çox mühümdür. Ukrayna dövləti ölkənin Xarici İşlər Nazirliyi simasında prinsipial mövqe nümayiş etdirdi və beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək verdi. Beynəlxalq arenada ölkələrimiz arasında siyasi dəstək uzunmüddətli və dayanıqlı xarakter daşıyır. Diasporun Azərbaycanı dəstəkləməkdə rolunu qeyd etmək yerinə düşər. Ukrayna Azərbaycanlı Gənclər Birliyi 10 il ərzində Ukrayna cəmiyyətində elmi, ictimai diskussiyalar, mitinqlər, mədəni layihələr vasitəsilə Qarabağ mövzusunu, Ermənistanın işğalçı siyasəti barədə mövzunu fəal müzakirə edir və bu fəaliyyət tarixi ədalət bərpa olunanadək davam edəcək. Biz xüsusən bu günlərdə bütün varlığımızla Azərbaycanın yanındayıq”.

Arxiv üzrə axtarış