2020-07-20

Azərbaycan səfiri: Ukrayna XİN Tovuz hadisələri barədə dəqiq və qərəzsiz mövqe nümayiş etdirib

Ermənistan-Azərbaycan sərhədində baş vermiş son hadisələrlə əlaqədar Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova Ukrayna Dövlət Radiosunun “Bu axşam” (“Сьогодні.Ввечері”) verilişinə müsahibə verib.

E.Axundova bu aksiyanın əvvəlcədən hazırlanmış və planlaşdırılmış olduğunu qeyd edib. Azərbaycan səfiri deyib: “Sərhədin bu hissəsində provokasiyanı birinci başlayan Ermənistan olub. Bizim hərbi UAZ avtomobilimiz adi qayda üzrə təmas xətti boyunca hərəkət edir, Azərbaycan mövqelərini yoxlayırdı. Erməni tərəfi də həmişə eyni hərəkəti edir və bizim tərəfdən heç kim onlara atəş açmır. UAZ avtomobili ermənilərin nəzarətində olan yüksəklikdən qəflətən atəşə tutulub. Eyni zamanda, erməni bölmələri taktiki mövqedə yerləşən minomyot və qaubitsa silahlarından istifadə edərək Azərbaycan ordusunun döyüş mövqelərini atəşə tutub, bir neçə kəndə və mülki obyektlərə zərbələr endirib. Azərbaycan ordusu cavab atəşi açıb, bizim hərbçilər düşmənin atəş nöqtələrini məhv etməyə başlayıblar”.

E.Axundova deyib ki, Ermənistan tərəfindən sərhəddə hərbi provokasiyalar törədilməsi ilk dəfə deyil. O vurğulayıb: “Son bir neçə ayda belə hərbi provokasiyalar nəticəsində bizim hərbi qulluqçular, habelə mülki şəxslər həlak olub. Erməni hərbçiləri və snayperləri Tovuz, Qazax, Füzuli və digər sərhədyanı rayonlarda onlarca dinc sakini, o cümlədən qadınları və uşaqları atəşə tutublar. Bununla əlaqədar, Füzuli rayonunun Alxanlı kəndində körpə Zəhra Quliyevanı və onun nənəsi Sahibə Allahverdiyevanı xatırlamaq kifayətdir. Erməni silahlı qüvvələri bu kəndi minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutaraq Zəhranı və onun nənəsini öldürüblər. Zəhra sağ qalsaydı, bu il 4 yaşı tamam olacaqdı. Biz müharibə istəmirik və heç vaxt istəməmişik. Biz başqasının bircə qarış belə torpağını tutmamışıq. Ermənistan isə Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal edib, orada etnik təmizləmə aparıb. Nəticədə 1 milyona yaxın insan öz doğma torpağında qaçqın vəziyyətinə düşüb. Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq”.

Azərbaycanlı diplomat deyib: “Ukrayna Xarici İşlər Nazirliyi beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normaları, həmçinin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri əsasında Azərbaycan Respublikasının suverenliyini və onun beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləyib, bu məsələdə dəqiq və prinsipial mövqe nümayiş etdirib. Buna görə dərin minnətdarlığımı bildirmək istərdim. Ukrayna XİN öz mövqeyini Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyətin kəskinləşməsi ilə əlaqədar 13 iyul 2020-ci il və Azərbaycanın Dağlıq Qarabağ regionu ərazisində qondarma “prezident” və “parlament” seçkilərinin tanınmaması barədə 31 mart 2020-ci il tarixli qətnamələrində dəqiq ifadə edib.

Ukrayna XİN-in bəyanatında qeyri-adi heç nə yox idi, biz həmişə bir-birimizin ərazi bütövlüyünü dəstəkləyirik. Lakin erməni tərəfin qeyri-adekvat reaksiyası göz qabağındadır. Erməni tərəfi beynəlxalq hüquq normalarına, öz qonşularının ərazi bütövlüyünə etinasız münasibətini açıq-aşkar nümayiş etdirir. Sizin ölkənin Yerevandakı səfirinin tənbeh edilməsi az imiş kimi, üstəlik, məlum olub ki, azğınlaşmış erməni gənclər Ukrayna səfirliyinə borş, lax yumurta və başqa əşyalar atıb, sizin səfirliyin qarşısında provokasiya təşkil edib. Bu nə deməkdir? Axı siz öz bəyanatınızda qeyri-adi heç nə deməmisiniz. Siz sadəcə, BMT Təhlükəsizlik Şurasının bütün dünyada Ermənistandan başqa hamı tərəfindən qəbul edilmiş qətnamələrini və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinizi bildirmisiniz”.

https://youtu.be/sKMyViA2tOQ  

Arxiv üzrə axtarış