Ukraynanın gordonua.com saytında Ermənistanın Azərbaycanla sərhəddə Tovuz istiqamətində törətdiyi təxribatla bağlı məqalə dərc edilib.
Azərbaycanın Ukraynadakı səfirliyində bu ölkənin müharibə veteranları ilə görüş keçirilib.
Görüşün əsas məqsədi Ermənistan silahlı qüvvələrin Azərbaycanla sərhəddə Tovuz istiqamətində törətdiyi təxribat barədə Ukrayna ictimaiyyətini məlumatlandırmaqdır. Görüşdə batalyon komandirləri, veteran hərbçilər polkovnik Viktor Toloçko, Ruslan Misiratov, Boqdan Mironov, Moxrıy Yevqeniy, Milli Qvardiyanın kapitanı Getman Aleksey, Ukrayna Silahlı Qüvvələrində döyüş zamanı həlak olan İlqar Bağırovun həyat yoldaşı Tatyana Bağırova və digər şəxslər iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan-Ermənistan sərhədində şəhid olan əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra erməni silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi təxribat haqqında geniş məlumat verən səfir Elmira Axundova bildirib ki, iyulun 12-də erməni silahlı qüvvələri Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbə endirib və bu gözlənilməz zərbə nəticəsində bizim hərbçilərimiz həlak olub, yaralanıb. Görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını alıb. Azərbaycanın əsgər və zabitlərinin qanı yerdə qalmayıb. Onlara sarsıdıcı zərbələr endirilib. Bundan başqa Ermənistan tərəfi yaşayış evlərini, mülki şəxsləri məqsədli şəkildə atəşə tutur, son təxribat zamanı Azərbaycanın bir mülki şəxsi həlak olub. Səfirin sözlərinə görə, onların törətdiyi təxribatın əsas səbəbi Ermənistanda hazırda mövcud olan siyasi və iqtisadi böhrandır. Ermənistan hakimiyyəti bununla daxili gərginliyi azaltmağa çalışır.
E.Axundova Ukrayna Xarici İşlər Nazirliyinin baş verən hadisələrlə bağlı ədalətli mövqe sərgiləyən bəyanatını yüksək qiymətləndirərək Ukraynanın Ermənistandakı səfirliyinin qarşısında keçirilən aksiyanı iyrənc və barbarlıq adlandırıb.
Azərbaycanın Ukraynadakı səfirliyindəki hərbi attaşe aparatının rəhbəri polkovnik İlqar Ağayev isə çıxışında Azərbaycan Milli Ordusunun uğurlu əməliyyatı barəsində ətraflı məlumat verib. Bildirib ki, düşmənə endirilən sarsıdıcı zərbələr nəticəsində onlarla erməni hərbçi məhv edilib, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edilib. Düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilib.
Tədbirin sonunda ukraynalı hərbçilər Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini bildiriblər.