2020-07-17

Ukrayna Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin inkişafına xüsusi maraq göstərir

Azərbaycanın Ukraynadakı Ticarət Evinin rəhbəri Daşqın Əhmədov Ukrayna Ticarət və Sənaye Palatasının sədri Gennadi Çijikovla görüşüb.

Görüş zamanı Azərbaycanla Ukrayna arasında iqtisadi, ticari əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı mal dövriyyəsinin artırılması üçün hər iki ölkənin ticarət evlərinin səmərəli fəaliyyət göstərməsinə dövlət dəstəyinin verilməsi məsələləri əsas müzakirə obyekti olub.

Azərbaycanın Ukraynadakı Ticarət Evinin 2 illik fəaliyyəti haqqında ətraflı məlumat verən D.Əhmədov ölkəmizdə istehsal olunan kənd təsərrüfatı və digər məhsulların Ukrayna bazarına çıxarılması üçün lazım olan hüquqi bazanın yaradıldığını, xüsusən də şərab və şərab məhsullarının pərakəndə və topdan satışı üçün dövlət lisenziyasının alındığını bildirib. Azərbaycan məhsullarının rəqabət bazarında alıcılıq qabiliyyətinin artırılması üçün nəqliyyat tariflərinin endirilməsi və qiymət siyasətinə yenidən baxılmasının vacibliyini vurğulayıb. O, həmçinin yerli məhsullarımızın Ukraynanın market şəbəkələrinə çıxarılması və aksiz markaların verilmə müddətinin tezləşdirilməsində Ukrayna Ticarət və Sənaye Palatasının dəstəyinə ehtiyac olduğunu diqqətə çatdırıb.

Ukraynanın Azərbaycanla qarşılıqlı iqtisadi, ticari əlaqələrin inkişafına xüsusi maraq göstərdiyini bildirən G.Çijikov rəhbərlik etdiyi qurumun Azərbaycan Ticarət Evinin Ukraynada daha effektli fəaliyyət göstərməsinə hərtərəfli dəstək verməyə hazır olduğunu qeyd edib.

Arxiv üzrə axtarış