Azərbaycan-Ukrayna iqtisadi əməkdaşlığı üzrə təkliflər paketi hazırlanır
Xarkov vilayəti dövlət administrasiyasının sədri Aleksey Kuçer və Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova iki ölkə arasında, o cümlədən sənaye sahəsində əməkdaşlığın perspektiv istiqamətlərini müzakirə ediblər.
Xarkov vilayəti dövlət administrasiyasının başçısı və Elmira Axundova əməkdaşlıq üzrə konkret təkliflər paketinin Ukrayna-Azərbaycan parlamentlərarası komissiyasına təqdim edilməsi üçün iki gün ərzində hazırlanması barədə razılığa gəliblər.
Vilayət dövlət administrasiyasının sədri Azərbaycan ilə uzun müddət əlaqələri olan Xarkovun iri müəssisəsi - “Turboatom” zavodunun imkanlarına diqqəti çəkib. Aleksey Kuçer deyib: “Turboatom” sizin hidroelektrik stansiyalarınız üçün xeyli vaxtdır xammal tədarük edir. Biz bilirik ki, Azərbaycan stansiyalarında istifadədə olan bir sıra konstruksiyalarımızın artıq yenilənməyə ehtiyacı var. Biz sifarişi yerinə yetirməyə hazırıq. Üstəlik, “Turboatom” səviyyəsində avadanlıq buraxan müəssisələrin sayı dünya üzrə altıdan artıq deyil. Biz “Siemens” səviyyəli şirkətlərlə layiqincə rəqabət aparırıq”.
A. Kuçer Xarkov regionunun təyyarəqayırma sahəsindəki imkanlarından da söhbət açıb.
Vilayət rəhbəri deyib: “Prezident komandası mülki aviasiyaya xüsusi əhəmiyyət verir və biz təyyarəqayırmanı dirçəltmək üzərində işləyirik. Bizim təyyarələr bütün dünyada məşhurdur. Hətta Prezidentimiz özü Ukrayna istehsalı olan təyyarədə uçur və bu, əlamətdar haldır. Son illərdə bizim Xarkov aviazavodu ağır dövrlərini yaşadı, lakin indi biz sahəni ciddi nəzarətə götürmüşük. Bizim satışa hazır olan məhsulumuz var və bu məhsul yüksək keyfiyyətə malikdir. Biz, həmçinin sifarişlər qəbul etməyə hazırıq”.
Bundan başqa, Aleksey Kuçer IKT və kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair öz təkliflərini bildirib.
Səfir Elmira Axundova deyib: “Parlamentlərarası komissiyanın müəyyən etdiyi parametrlər üzrə sıx əməkdaşlıq mərhələsi payızda başlayacaq. Biz təkliflərimizi Kiyevə də, Bakıya da ötürə bilərik və bu məsələlərə artıq yüksək səviyyədə baxılacaq”.
Bundan başqa bu gün Xarkovda kiçik biznes-forum keçiriləcək. Bu foruma işgüzar dairələrin, Xarkov və Azərbaycan müəssisələrinin nümayəndələri dəvət olunub.
Səfir deyib: “Mənim sizdən xahişim var: əgər investisiyalara, kapital qoyuluşuna, ixracata dair hansısa maraqlı təkliflər olarsa, siz onları təqdim edin. Ola bilər ki, biz də həmin vaxt konkret təkliflər verək”.
Aleksey Kuçer qeyd edib ki, vilayət administrasiyası Azərbaycanın biznes dairələrinin nümayəndələri üçün görüşün yekunları üzrə müvafiq investisiya təklifləri hazırlayacaq.