2020-09-24

Azərbaycanın ekologiya sahəsində qazandığı uğurlar Ukraynada keçirilən beynəlxalq forumda müzakirə olunub

Bu gün “ECO UKRAINE” II Beynəlxalq Ekologiya Forumu işə başlayıb.

Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova forumda çıxış edib.

Səfir çıxışında qeyd edib ki, 150 il bundan əvvəl Azərbaycanda neftin sənaye üsulu ilə çıxarılmasına başlanılıb. O dövrdə çıxarılan nefti doldurmaq üçün metal borular, çənlər hələ yox idi. Nəticədə neft Abşeronun geniş ərazilərinə yayılıb, yüz il ərzində tamamilə bu ərazilərə hopub.

E.Axundova vurğulayıb ki, 2000-ci illərin əvvəllərində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Abşeron yarımadasının dirçəldilməsi, torpaqların strukturunun dəyişdirilməsi və rekultivasiyası üzrə irimiqyaslı ekoloji proqram qəbul edilib.

Səfir deyib: “Bataqlaşmış və mazut hopmuş geniş ərazilər neft məhsullarından təmizlənərək rekultivasiya olunub. Üfunətli bataqlıqların yerində milyonlarla ağac əkilib, nəticədə vaxtilə səhranı xatırladan Abşeron yarımadası yaşıl zonaya çevrilib. Qeyd etmək yerinə düşər ki, boş quraqlıq Abşeron torpaqlarında ağac əkmək və yetişdirmək əsl qəhrəmanlıqdır. Çünki daha əvvəl burada əncir, şam ağacı və seyrək kollardan savayı heç nə bitmirdi. Praktik olaraq hər əkilən ağacın dibinə su çəkmək lazım gəlirdi. Sonra yaşıl massivlər ayrı-ayrı nazirlik və qurumlar tərəfindən himayəyə götürüldü və indiyədək onlar öz sahələrinə cavabdehlik daşıyırlar. Ağacəkmə ilə əlaqədar keçirilən iməciliklərdə başda ölkə Prezidenti olmaqla bütün rəsmi şəxslər iştirak edirlər”.

E.Axundova çıxışında qeyd edib ki, Azərbaycan yaşıllıqların və meşələrin az olduğu ölkədir. “Buna görə də ölkənin yaşıl “ağciyərləri”nin mühafizəsi və artırılması prioritet məsələdir. Təkcə 2019-cu ildə Azərbaycanın meşə və qeyri-meşə fonduna 1,7 milyon ağac əlavə edilib. Ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ərəfəsində maraqlı aksiya keçirilib. Yeri gəlmişkən, ötən il Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə Kiyevdə Nəsimi parkı və şairin büstü açılıb. Bir gün ərzində Azərbaycanın müxtəlif guşələrində 650 min ağac əkilib. Aksiyada ictimaiyyətin, təhsil müəssisələrinin, diplomatik korpusun, media və QHT-lərin nümayəndələri iştirak ediblər. Ümumilikdə isə son bir neçə il ərzində 4400 hektar ərazidə 5,3 milyondan çox ağac əkilib”.

Səfir çıxışının sonunda deyib: “Fikrimcə, bizim təcrübəmiz, xüsusən Abşeron yarımadasının neftlə çirklənmiş ərazilərinin təmizlənməsi və rekultivasiyası sahəsində təcrübəmiz bizə dost Ukrayna üçün gərəkli ola bilər və Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu istiqamətdə təcrübə mübadiləsi aparmaq üçün əməkdaşlıq etməyə hazırdır”.

Arxiv üzrə axtarış