2020-12-14

Kiyevdə ADA Universiteti tərəfindən elan edilmiş müsabiqədə qalib gələn tələbələr mükafatlandırılıb

Azərbaycanın Ukraynadakı səfirliyində “Ukrayna-Azərbaycan diplomatik münasibətləri” mövzusunda ümumukrayna esse müsabiqəsində mükafata layiq yerlər tutmuş tələbələr təltif edilib.

Ukrayna gənclərinin nümayəndələri arasında təşkil edilmiş bu müsabiqə oktyabrın 25-dən noyabrın 25-dək keçirilib. Təşkilatçısı ADA Universiteti, tədbirin Ukraynadan tərəfdaşı isə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutu olan müsabiqə Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə baş tutub.

Müsabiqə çərçivəsində Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin müxtəlif aspektlərinə həsr edilmiş görüşlər və mühazirələr təşkil olunub. Birinci yeri bölüşdürən iki tələbə ADA Universiteti nəzdində yay məktəbində iştirak etməyə dəvət olunub, müsabiqənin finalçıları hədiyyələr və fəxri fərmanlarla təltif ediliblər. Ümumukrayna müsabiqəsinin finalçılarının təltif olunması mərasimi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilib.

Səfir Elmira Axundova tədbirdə çıxış edərək, Ukrayna-Azərbaycan əməkdaşlığının inkişafı kontekstində gənclərlə işin əhəmiyyətini vurğulayıb.

Səfir E.Axundova qeyd edib ki, hazırda Azərbaycanda tarixi əhəmiyyətli hadisələr baş verir: bu yaxınlarda biz Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğaldan azad edərək dövlətimizin ərazi bütövlüyünü bərpa etməyə nail olmuşuq. Dekabrın 10-da azərbaycanlıların onilliklər boyu gözlədiyi Zəfər paradı keçirilib.

Səfir E.Axundova deyib: “Azərbaycanı və Azərbaycan xalqını dəstəkləyənlərin hamısını təbrik etmək istəyirəm, çünki ədalət zəfər çalıb. ADA Universiteti adından bu əlamətdar müsabiqənin bütün finalçılarını da təbrik etmək istəyirəm, çünki yüzlərlə iştirakçının müsabiqəyə təqdim etdiyi işlərin ən yaxşılarının müəllifləri məhz bu gənclər olub. Ölkələrimiz həmişə bir-birinə dost olub, Ukrayna ilə Azərbaycan arasında münasibətlər strateji xarakter daşıyır və dövlətlərimizin rifahı naminə inkişaf edir. Müsabiqənin finalçıları arasında gələcək diplomatlar var. Bəlkə də sizin aranızda elə gənclər var ki, onlar ölkələrimiz arasında əməkdaşlığın inkişafında iştirak edəcəklər. Bugünkü müsabiqə sayəsində iki tələbə Bakıya dəvət olunacaq. Mən Azərbaycanın Ukraynadakı səfirliyi adından daha bir müsabiqə keçirilməsini qərara almışam. Həmin tədbir də ukraynalı gənclər üçün yeni imkanlar yaradacaq. Biz o müsabiqəni may ayının 10-na - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə təyin edəcəyik. Bu ümumukrayna esse müsabiqəsində tələbələr dahi Heydər Əliyevin liderlik fenomeni barədə yazacaqlar. Ən yaxşı 10 işin müəllifləri olan tələbələr Bakıya dəvət ediləcəklər. Pul mükafatları da nəzərdə tutulacaq. Beləliklə, Azərbaycanı öyrənməkdə sizə yeni uğurlar arzulayıram”.

Səfir E.Axundova müsabiqənin kuratoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi Marina Qonçaruku Azərbaycan xalqının tarixinin, mədəniyyətinin və ənənələrinin təbliği üzrə apardığı fəal işə görə diplomla təltif edib.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə öz videomüraciətində mükafata layiq yerləri tutmuş tələbələri təbrik edib. O deyib: “Müsabiqənin bütün finalçılarını təbrik etmək, bütün iştirakçıların gördüyü işlərə və Ukrayna-Azərbaycan münasibətlərinə göstərdikləri marağa görə onlara təşəkkürümü bildirmək istəyirəm. Bu müsabiqə sayəsində, onun çərçivəsində təşkil edilmiş mühazirələr və görüşlər sayəsində Ukraynanın müxtəlif guşələrini təmsil edən gənclər dost ölkələrimiz arasında münasibətlərin diplomatik, iqtisadi, mədəni və digər aspektləri barədə çox şey öyrəniblər. Ukrayna və Azərbaycan strateji tərəfdaşlardır, dövlətlərimiz arasında münasibətlər ilbəil daha intensiv inkişaf edir. Müsabiqənin keçirilməsi Azərbaycan üçün tarixi əhəmiyyətli bir hadisə - əvvəllər Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizin geri qaytarılması ilə eyni vaxta düşüb. Biz bütün bu müddətdə ukraynalı qardaşlarımızın dəstəyini hiss etmişik. Şadam ki, bu müsabiqə böyük maraq doğurub. İştirakçılar müsabiqəyə çox iş təqdim etmişdi, lakin biz onların arasından ən yaxşılarını seçməyə çalışmışıq. Mən sizin hamınıza Azərbaycanın öyrənilməsində yeni uğurlar, yeni qələbələr arzu edirəm, istərdim ki, siz hökmən Azərbaycana gələsiniz, bizim səmimi və qonaqpərvər ölkəmizi özünüz görəsiniz”.

Müsabiqənin kuratoru M.Qonçaruk deyib: “ADA Universitetinin təşkil etdiyi bu müsabiqə ukraynalı tələbələrin öz bacarıqlarını və Ukrayna-Azərbaycan münasibətlərinə dair biliklərini nümayiş etdirmələri üçün unikal imkandır. Sevindirici haldır ki, ölkəmizin müxtəlif guşələrindən olan çoxsaylı tələbələr bu müsabiqəyə öz işlərini təqdim ediblər. Münsiflər heyəti mükafata layiq yerləri tutan 12 tələbəni seçib. Lakin mən əminəm ki, iştirakçıların hər biri şəxsən özü üçün çox əhəmiyyətli iş görüb – ölkələrimiz arasında diplomatik münasibətlər barədə öz biliklərini zənginləşdirib, Ukrayna-Azərbaycan münasibətlərinin öyrənilməsi kimi mühüm işə öz töhfələrini verib”.

Səfir E.Axundova, həmçinin səfirliyin əməkdaşları – birinci katib Namiq Niftullayev və ikinci katib Samir Allahverdiyev müsabiqənin finalçılarına diplomlar və ADA Universiteti adından hədiyyələr təqdim ediblər. Müsabiqədə birinci yeri Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Darya Ponomarenko və Kiyev Mədəniyyət Universitetinin tələbəsi Roman Popov bölüşdürüblər. İkinci yerə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Filologiya İnstitutunun tələbəsi Natalya Lınnık layiq görülüb, üçüncü yeri Qərbi Ukrayna Milli Universitetinin tələbəsi Ruslana Matuşik və Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun tələbəsi Vladislav Spivak bölüşdürüblər. Dördüncü yeri Kiyev Milli Linqvistika Universitetinin tələbəsi Andrey Polivin, beşinci yeri Taras Şevçenko adına Kiyev Milli Universitetinin tələbəsi Angelina Budnık tutub.

Müsabiqənin finalçıları olan tələbələr Ukrayna-Azərbaycan münasibətlərinin tədqiqatı ilə bağlı esse üzərində işlərindən danışıblar. Sonra səfirliyin ərazisində tələbələr üçün ekskursiya təşkil edilib. Onlar səfirin kabinetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr edilmiş kitabxana və fotosərgi ilə tanış olublar.

Səfir E.Axundova öz qələminin məhsulları olan kitabları tələbələrə hədiyyə edib.

Arxiv üzrə axtarış