2021-02-09

Azərbaycan və Ukrayna arasında tarixi münasibətlərə dair onlayn elmi konfrans keçirilib

Fevralın 8-də Azərbaycan və Ukrayna arasında tarixi münasibətlərə dair onlayn elmi konfrans keçirilib.
 
ADA Universitetinin, iki ölkənin səfirliklərinin birgə təşkilatçılığı ilə “Azərbaycan-Ukrayna arasında diplomatik əməkdaşlıq: keçmiş və müasirlik prizması ilə” mövzusunda keçirilən onlayn elmi konfransa diplomatlar, alimlər, tarixçilər, gənclər və tələbələr qoşulublar.
 
Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova çıxış edərək iki ölkə arasında yüksək səviyyəli diplomatik münasibətlərin tarixinə nəzər salıb. Səfir qeyd edib ki, Azərbaycan və Ukrayna arasında diplomatik münasibətlərin başlanğıcı 1919-cu ilin fevralına təsadüf edir. Azərbaycanın Ukraynadakı ilk səfiri görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminli olub. Onun Ukraynadakı azərbaycanlı tələbələrin həyatından bəhs edən “Tələbələr” romanı bu il Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən yerli dilə tərcümə edilərək nəşr olunacaq.
 
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deyən səfir xatırladıb ki, Ukrayna Prezidenti Leonid Kuçma 1995-ci ilin iyulunda Azərbaycana rəsmi səfər edib və iki ölkə arasında əməkdaşlığa dair 11 sənəd imzalanıb. Bundan iki il sonra, 1997-ci ilin martında Ulu Öndər Ukraynaya rəsmi səfər edib. Bu iki liderin bir-birinə yaxın dostluğu Azərbaycan və Ukrayna arasında strateji əməkdaşlığın təməlini qoyub.

Bu strateji əməkdaşlıq Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tərəfindən uğurla davam etdirilir.

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski isə çıxışında qeyd edib ki, iki ölkə arasında çox sıx tarixi və siyasi əlaqələr mövcuddur. Yüz il keçməsinə baxmayaraq Ukrayna və Azərbaycan yenə birgə uğurlu tarix yazmaqda davam edir. Bu gün də iki ölkə arasında dost, qarşılıqlı dəstək, anlaşma münasibətləri mövcuddur. Bunun nəticəsidir ki, Ukraynanın rəsmi dövlət sənədində Azərbaycan strateji tərəfdaş ölkə kimi qeyd olunub. Azərbaycan Cənubi Qafqaz bölgəsində Ukraynanın ən vacib tərəfdaş ölkəsidir. Məhz buna görə Ukrayna Prezidenti Vladimir Zelenskinin bu regiona etdiyi yeganə rəsmi səfər hələ Azərbaycandır.

Səfir Ukrayna və Azərbaycan arasında dost, qardaş münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Azərbaycan və Ukrayna arasında tarixi əlaqələrdən danışan ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, belə konfransların təşkili iki ölkə arasında əməkdaşlığın daha da inkişafına öz töhfəsini verəcək.

“Biz Ukraynanın Azərbaycana verdiyi dəyəri yüksək qiymətləndiririk. Azərbaycan Ukraynanı tərəfdaş ölkə kimi görür. Bundan sonra da iki ölkə arasında birgə enerji, iqtisadi, sosial və siyasi layihələr həyata keçiriləcək”, - deyə Fariz İsmayılzadə əlavə edib.

Daha sonra konfransda tarixçi-alimlər Oleq Kupçik, İlqar Niftəliyev, İradə Bağırova, Aleksandr Dudnik, Vladimir Omelçuk və digərləri Azərbaycan-Ukrayna tarixinə dair geniş məruzə ilə çıxış ediblər.

Onlayn konfransın 60-dan çox iştirakçısı olub.

Arxiv üzrə axtarış