2021-09-19

Ukraynanın Mirqorod şəhərində Azərbaycan mədəniyyəti və milli mətbəxi təbliğ olunub

Ukraynanın Mirqorod Şəhər Günü və şəhərin alman faşistlərindən azad olunmasının 78-ci ildönümü münasibətilə keçirilən tədbirlərdə Azərbaycan mədəniyyəti və milli mətbəxi təbliğ olunub.

Şəhərin mərkəzində Ukraynada yaşayan etnik xalqların iştirakı ilə keçirilən milli mədəniyyət festivalının açılış mərasimində səfir Elmira Axundova, Mirqorod şəhərinin meri Sergey Solomaxa, səfirliyimizin müşaviri Sabir Rzayev, Azərbaycanın və digər ölkələrin diaspor fəalları, şəhər sakinləri iştirak ediblər.

Qonaqları salamlayan şəhər meri ilk öncə Mirqorodun alman faşistlərindən azad olunmasında canlarını qurban verənləri xatırlayaraq bildirib ki, Şəhər Günü, parlaq bir gələcək üçün həyatını qurban verənlərin anım günüdür. “Şəhər Günü, doğma şəhərimizə olan sevgimizi etiraf etməkdir. İndi Mirqorod dolğun bir həyat yaşayır. Şəhərin ən böyük sərvəti siz, sakinləri - xeyirxah, vicdanlı və çalışqan insanlarısınız. Sizin birgə səylərinizlə şəhərin bənzərsiz bir görüntüsü yaradılır, tarix qorunur və gələcəyi qoyulur”, - deyə S.Solomaxa əlavə edib.

Mirqorodun azərbaycanlılar üçün sevimli şəhər olduğunu deyən səfir E.Axundova isə qeyd edib ki, bu şəhərdə güclü Azərbaycan diasporu da fəaliyyət göstərir. Hər il müalicə məqsədilə Mirqorod şəhərinə azərbaycanlılar təşrif buyurur.

“Bu gün Mirqorod alman faşistlərindən azad olunmasının 78-ci ildönümünü qeyd edir. Bu günlərdə Azərbaycan da öz torpaqlarının bir qisminin erməni faşistlərindən azad olunmasının bir illiyini qeyd edəcək. Azərbaycan və Ukrayna həmişə bölgədə sülhün tərəfdarı olub. Mirqorodda keçirilən bayram tədbirlərində dünya xalqlarının icmalarının iştirakı da sülhün tərənnümünün bariz nümunəsidir”, - deyə səfir E.Axundova əlavə edib.

Açılış mərasimində çıxış edən səfirliyin müşaviri Sabir Rzayev və digər rəsmilər Mirqorod şəhər sakinlərinə öz təbriklərini çatdırıblar.

Sonra beynəlxalq festivalda tədbirin təşkilatçıları Ukraynada Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasov və müğənni Natalya Kudyaşova Azərbaycanın musiqi kompozisiyası ilə çıxış ediblər. Festivalda, həmçinin digər ölkələrin nümayəndələri yerli musiqi və rəqslərini təbliğ ediblər.

Daha sonra mer S.Solomaxa, səfir E.Axundova nümayəndə heyəti ilə birgə Azərbaycanın milli mətbəxi və musiqisini tərənnüm edən stendə baxış keçiriblər. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Mirqorod şəhər təşkilatının sədri Zamir İsmayılov və digər diaspor fəalları tərəfindən təşkil olunan “Azərbaycan” stendində plov, dolma, qutab və paxlava şəhər sakinlərinin və qonaqlarının marağına səbəb olub.

Arxiv üzrə axtarış