2021-09-24

Ukrayna Milli Jurnalistlər İttifaqında Azərbaycanın 44 günlük Vətən müharibəsi müzakirə edilib

Ukrayna Milli Jurnalistlər İttifaqında keçirilən dəyirmi masa Azərbaycanın 44 günlük Vətən müharibəsinin ildönümünə həsr olunub.

Dəyirmi masada səfir Elmira Axundova, Ukraynanın Müvəqqəti İşğal Edilmiş Ərazilərinin Reinteqrasiyası üzrə nazir müavini İnna Draqançuk, Ukrayna Milli Jurnalistlər İttifaqın birinci katibi Lina Kuş, Taras Şevçenko adına Milli Muzeyin baş direktoru, yazıçı Dmitriy Stus, jurnalistlər, səfirliyin diplomatları iştirak ediblər.

Vətən uğrunda canlarından keçən azərbaycanlı və ukraynalı hərbçilərin, jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra 44 günlük Vətən müharibəsinə həsr olunan sənədli filmə baxılıb.

Sonra çıxış edən səfir E.Axundova bildirib ki, 44 günlük Vətən müharibəsində hərbçilərimizlə yanaşı Azərbaycan jurnalistləri də öz peşə fəaliyyətləri zamanı qəhrəmanlıq göstəriblər. Hətta bəzi jurnalistlər könüllü olaraq cəbhəyə yollanıblar. İki Azərbaycan jurnalisti müharibədən sonra minaya düşərək həlak olub.

“Qarabağ münaqişəsinin başladığı ilk günlərdən düşmənin işğal dövründə törətdiyi vəhşilikləri dünyaya çatdırmaq üçün azad olunmuş ərazilərdə çəkilişlər aparan jurnalistləri bu çətin missiyanı uğurla icra ediblər. Müharibədə peşəsindən asılı olmayaraq əli silah tutmağı bacaran insanlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında “dəmir yumruq” kimi birləşərək qəhrəmanlıq göstəriblər”, - deyə səfir E.Axundova əlavə edib.

Səfir E.Axundova, həmçinin 44 günlük Vətən müharibəsində ukraynalı jurnalistlərin operativ və obyektiv xəbərlər yaydığını, həm döyüşlər zamanı, həm də müharibədən sonra işğaldan azad edilmiş ərazilərdən xüsusi reportajlar hazırladığını qeyd edib.

Sonra tədbirdə çıxış edən İnna Draqançuk, Lina Kuş, Dmitriy Stus və digərləri mövzu ətrafında fikirlərini söyləyiblər.

Qeyd edək ki, dəyirmi masa Ukrayna Milli Jurnalistlər İttifaqının sosial şəbəkələrində canlı yayımlanıb.

Arxiv üzrə axtarış