2021-09-27

Kiyevdə Vətən müharibəsi şəhidlərinin xatirəsinə guşə yaradılıb

Azərbaycanın Ukraynadakı səfirliyinin binası qarşısında 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş guşə yaradılıb.

Sentyabrın 27-də guşənin qarşısında anım tədbiri keçirilib. Anım mərasimində səfir Elmira Axundova, səfirliyin kollektivi, diaspor rəhbərləri, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbərliyi, GUAM Katibliyinin nümayəndələri, xarici diplomatik korpusun hərbi attaşeləri, soydaşlarımız, şəhər sakinləri iştirak ediblər.

Tədbir Bakı vaxtilə 12:00-da şəhidlərin xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra şəhidlərin ruhuna dua oxunub, guşənin önünə tər çiçəklər düzülüb.

Səfir E.Axundova çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 gün ərzində böyük qəhrəmanlıq göstərərək, işğal altındakı ərazilərimizi azad edib.

“Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar xalqa müraciətində dünyaya bir daha mesajlarını çatdırdı. Bəyan etdi ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin. Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. Müharibədə igid hərbçilərimiz Vətən uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksəliblər. Azərbaycan xalqı daima şəhidlərini ehtiramla anır. Şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir”, - deyə səfir E.Axundova əlavə edib.

Arxiv üzrə axtarış