2021-09-27

Ukraynada Azərbaycanın 44 günlük Vətən müharibəsinə həsr olunmuş fotosərgi açılıb

Ukrayna Azərbaycanlıları Radasında Qarabağda 44 günlük Vətən müharibəsinə həsr olunmuş fotosərginin açılışı olub.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Ukrayna Azərbaycanlıları Radasının Baş katibi Ceyhun Məmmədov çıxışında qeyd edib ki, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri erməni silahlı bölmələrinin təxribatını dəf edib, Qarabağ müharibəsini qələbə ilə başa çatdıraraq Azərbaycan dövlətinin ərazi bütövlüyünü bərpa ediblər.

C.Məmmədov deyib: “Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan qalib dövlətdir. Azərbaycan xalqı fədakarlıq nümayiş etdirdi. Belə hərbi əməliyyat “Dəmir yumruq” adını aldı”.

Ukrayna Azərbaycanlıları Radasının həmtəsisçisi Oleq Krapivin qeyd edib ki, Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində öz ərazilərini geri qaytardı. Oleq Krapivin deyib: “Bundan başqa, mən çox istərdim ki, Ukrayna da öz ərazi bütövlüyünü bərpa etsin. Həlak olanların ailələrinə kömək edən bütün azərbaycanlılara minnətdarlığımı bildirirəm. Bizim hərbçilərimiz müharibə zamanı zəruri olan hər şeylə təmin olunurdular. Prezident Əliyev bütün Azərbaycan xalqını “Dəmir yumruq” kimi birləşdirdi”.

Səfir Elmira Axundova öz çıxışında qeyd edib ki, sentyabrın 27-si respublikamız üçün hüzn və qürur günüdür. O deyib: “Bugünkü gün – bizim şərəf günümüzdür. Övladlarımız ölkənin ərazi bütövlüyü uğrunda canlarını qurban verdilər. Müharibə təxminən ay yarım davam etdi. Bu fotosərgi müharibənin necə dağıdıcı olduğunu, torpaqlarımıza hansı ziyanın vurulduğunu göstərmək məqsədi daşıyır”.

Səfir E.Axundova Ukrayna Azərbaycanlıları Radasının həmtəsisçiləri Oleq Krapivinə və Hikmət Cavadova təşəkkür edərək, onların “YAŞAT” Fonduna necə böyük kömək göstərmələrini vurğuladı.

Ukrayna Ali Radasının deputatı Valeri Kolyux deyib: “Bu gün Ukrayna və Azərbaycan xalqı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanları anım gününü hüzn və kədərlə qeyd edir. Siz güclü ordu qurmağı bacardınız. Biz Qarabağın dirçəldilməsi prosesi barədə xəbərləri sevinclə izləyirik”.

Ukraynanın Etnosiyasət və Söz Azadlığı üzrə Dövlət Xidmətinin sədri Olena Boqdan çıxış edərək deyib: “Biz buna bənzər faciələrə gələcəkdə yol verilməməsi üzərində düşünməliyik”.

Yazıçı və tərcüməçi Sergey Qrabar çıxışında qeyd edib ki, onu Azərbaycan ilə çoxdankı dostluq birləşdirir. O, dəfələrlə bu ölkədə olub, “Dəmir yumruq” hərbi əməliyyatlar zamanı Azərbaycandan və Ukraynadan olan dostları da birləşdirib. Yazıçı özünün “Xəzri” kitabından bir parçanı oxuyub və əsərini Ukrayna Azərbaycanlıları Radasının kitabxanasına bağışlayıb.

Arxiv üzrə axtarış