2021-10-18

Kiyevdə Azərbaycanın müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib

Kiyevdə “Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30 illiyi və Azərbaycan-Ukrayna diplomatik əlaqələrinin qurulmasının 30 illiyi” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Ukrayna Ali Radasının deputatları, dövlət qurumlarının nümayəndələri, ictimai-siyasi xadimlər, alim və tarixçilər, yerli KİV nümayəndələri iştirak ediblər.

Səfirliyin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən dəyirmi masa hər iki ölkənin dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Azərbaycanın işğaldan azad olunan ərazilərində aparılan bərpa və yenidənqurma işlərinə dair tanıtım videosu nümayiş etdirilib.

Dəyirmi masanın moderatoru Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun böyük elmi işçisi, politoloq Mikola Zamikula çıxış edərək bildirib ki, bu yaxınlarda Azərbaycandan səfərdən qayıdıb. Bakıda və Azərbaycanın işğaldan azad edilən ərazilərində səfərdə olub. “Azərbaycan çox yaxşı təsir bağışladı. Bu dövlət öz potensialına görə Cənubi Qafqazın lideridir və onun inkişaf sürəti bu həqiqəti təsdiq edir”, - deyə  M.Zamikula    vurğulayıb.

Ötən müddət ərzində iki ölkə arasında digər sahələrdə olduğu kimi mətbuat sahəsində də uğurlu əməkdaşlıq münasibətlərinin olduğunu deyən “Ukrinform” Ukrayna Milli İnformasiya Agentliyinin “Ukrinform” direktoru Aleksandr Xarçenko bildirib ki, Azərbaycan və Ukrayna informasiya siyasətində daim bir-birinin yanında olub, beynəlxalq platformalarda qarşılıqlı dəstəklərini nümayiş etdiriblər.

Səfir Elmira Axundova çıxış edərək bildirib ki, ölkəmiz 30 il ərzində heç də asan yol keçməyib. Xalqın təkidi ilə yenidən hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev insanlarda böyük ümid yaratdı. Ulu Öndərin ağıllı, uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionda nüfuz sahibinə çevrildi, stabillik yarandı, iqtisadiyyatımız gücləndi. Sonra Heydər Əliyevin davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində dövlətimiz daha da inkişaf etdi. Bütün bu uğurların məntiqi nəticəsi kimi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğalda olan ərazilərimizi azad etdi. Azərbaycan Prezidenti bəyan etdiyi kimi Qarabağ münaqişəsi keçmişdə qaldı.

Səfir E.Axundova, həmçinin vurğulayıb ki, bu gün Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Ukrayna Azərbaycan üçün vacib tərəfdaşdır.

Daha sonra tədbirdə çıxış edən Ukraynanın Müvəqqəti işğal edilmiş ərazilərinin reinteqrasiyası nazirinin müavini İqor Yaremenko, Ukrayna Ali Radasının  Ukrayna-Azərbaycan dostluq qrupunun üzvü deputat  Dmitro Solomçuk, Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri deputat Mariya Mezentseva, Ukrayna Ticarət və Sənaye Palatasının vitse-prezidenti Valeri Korol, Ukrayna Elmlər Akademiyasının Ümumdünya Tarixi İnstitutunun direktoru, professor Andrey Kudryaçenko, tarix elmləri doktoru, soydaşımız Fərhad Turanlı və digərləri iki ölkə arasında olan tarixi əlaqələr, əməkdaşlığın inkişafı barədə fikirlərini bölüşüblər.

https://www.youtube.com/watch?v=0QsKeNSHd-Q  

 

Arxiv üzrə axtarış