2021-10-23

Xarkovda Azərbaycan, Ukrayna və Qazaxıstanın görkəmli mütəfəkkirlərinə abidənin açılışı olub

Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda soydaşlarımız və qonaqların sevimlisinə çevriləcək daha bir parkın və abidə-kompozisiyanın açılışı olub.

Xarkov şəhərində yenidən qurulan “Filosoflar parkı”nda Azərbaycan, Qazaxıstan və Ukraynanın tanınmış filosofları azərbaycanlı maarifçi və ictimai xadim, dramaturq Mirzə Fətəli Axundova, ukraynalı filosof Qriqori Skovoroda və qazax filosofu Abay Kunanbayeva həsr olunmuş abidə-kompozisiyanın açılışı olub. Qazaxıstanın Xarkovdakı fəxri konsulu, Xarkov Diplomatik Klubunun prezidenti, soydaşımız Emin Nəcəflinin maliyyə dəstəyi, Azərbaycan və Qazaxıstanın Ukraynadakı səfirliyi, Xarkov şəhər Meriyasının dəstəyi ilə ucaldılan abidə-kompozisiyanın müəllifi Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltaraş Seyfəddin Qurbanovdur.

Açılış mərasimində xarici ölkələrin Ukraynadakı səfirləri, Ali Radanın deputatları, Ukrayna Mədəniyyət Nazirliyinin, Xarkov şəhər Meriyasının, Xarkov vilayət Dövlət Administrasiyasının rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, soydaşlarımız və şəhərin qonaqları iştirak ediblər.

Tədbir Azərbaycan, Ukrayna və Qazaxıstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Xarkov Şəhər Şurasının katibi, merin səlahiyyətlərini icra edən İqor Terexov çıxış edərək bildirib ki, “Filosoflar abidəsi” təkcə şəhər üçün deyil, həm də Ukrayna üçün əlamətdar bir hadisədir. Bu park və abidə Xarkov şəhərinin ən görməli bir məkanına çevriləcək. “Mən Azərbaycan və Qazaxıstan dövlətinə öz minnətdarlığımı bildirirəm ki, bu cür dahi mütəfəkkirlərin abidəsi üçün Xarkov şəhərini seçiblər”, - deyə İ.Terexov əlavə edib. Sonra İ.Terexov göstərdiyi xidmətlərə görə, Meriya adından Fəxri konsul E.Nəcəfliyə təşəkkür diplomunu təqdim edib.

Səfir Elmira Axundova isə çıxışında qeyd edib ki, Xarkov şəhərində dahi şair və mütəfəkkir Nizami Gəncəvinin abidəsinin ucaldılmasının ardınca Mirzə Fətəli Axundovun heykəli Azərbaycan ilə Ukrayna arasında etibarlı tərəfdaşlığın bariz nümunəsidir. “Səfirlik tərəfindən Mirzə Fətəli Axundov haqqında Ukrayna dilində dərc edilən kitabın böyük bir nüsxəsi Xarkov şəhər kitabxanalarına hədiyyə edilib. Onun dünyəvi şair olduğu bu abidənin qoyulması ilə bir daha sübut edildi. Hər 3 dahi özünün maarifçilik fəaliyyəti, çoxçeşidli yaradıcılığı ilə dövrünün parlaq simalarından olublar. Mən inanıram ki, hər üç ölkənin dahi şəxsiyyətlərinin abidə-kompozisiyası olan park şəhər sakinlərinin və qonaqların sevimli məkanına çevriləcək”,- deyə səfir E.Axundova əlavə edib.

Qazaxıstanın Ukraynadakı səfiri Darxan Kaletayev isə bildirib ki, hər üç mütəfəkkirin obrazı milli çalarda, gələcək nəsillərə ötürüləcək düşüncə ilə çatdırılıb. “Bu abidə-kompozisiya fərdi bir qəhrəmana deyil, üç böyük mütəfəkkirə həsr olunmuş abidədir. Abidə Qazaxıstan, Azərbaycan və Ukrayna arasında körpü rolunu oynayacaq”, - deyə səfir D.Kaletayev bildirib.

Abidənin müəllifi Seyfəddin Qurbanov çıxışında layihənin gerçəkləşməsində xidmətləri olan hər kəsə təşəkkürünü bildirib: “Yaradıcılığımda bir çox janrlara müraciət etmişəm. Bu mütəfəkkirləri bir araya gətirmək asan deyildi. Bu kompozisiyada su, güclü ağac kökləri var. Bizim mütəfəkkirlərimiz orada dayanır, onların sayəsində yeni nəsil yetişir, ona görə də ağacın başında yeni nəslin simvolu olan cücərtilər yer alır”.

Fəxri konsul E.Nəcəfli isə çıxışında bu layihənin gerçəkləşməsində verdikləri dəstəyə görə, Azərbaycanın və Qazaxıstanın Ukraynadakı səfirliklərinə və Xarkov şəhər Meriyasına təşəkkürünü bildirib. Qeyd edib ki, abidə-kompleks 3 dəqiqə ərzində 365 dərəcədə fırlanır, bu da layihəyə marağı daha da artırır. “Filosoflar” parkı müasir standartlara cavab verir, sakinlərin daha rahat istirahəti üçün bütün imkanlar yaradılıb.

Açılış mərasimində Ukraynanın mədəniyyət nazirinin birinci müavini Rostislav Karandeev, Xarkov vilayət Şurasının sədri Tatyana Yeqorova-Lutsenko və digərləri çıxış edərək öz təbriklərini çatdırıblar.

Daha sonra parkda iştirakçılar tərəfindən ağaclar əkildikdən sonra Ukraynanın tanınmış müğənnilərinin iştirakı ilə konsert keçirilib.

Arxiv üzrə axtarış