2021-11-08

Kiyevdə Zəfər Günü ilə bağlı bayram tədbiri keçirilib

Kiyevdə, Azərbaycanın Ukraynadakı səfirliyində 8 Noyabr - Zəfər Günü ilə bağlı bayram tədbiri keçirilib.

Səfirliyin kollektivi, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin və diasporun üzvləri əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda dahi rəhbərin abidəsi önünə əklil və gül dəstələri düzüb, əziz xatirəsini yad ediblər.

Sonra bayram tədbiri səfirlikdə davam edib. Əvvəlcə 44 günlük Vətən müharibəsinə həsr olunmuş sərgiyə baxış keçirilib. Sərgidə, həmçinin Ukraynada yaşayan azərbaycanlı rəssam Əsgər Cavadovun yağlı boya ilə çəkilmiş “Qələbənin zirvəsində” əsəri nümayiş olunub.

Tədbirdə xarici ölkələrin Ukraynadakı səfirləri, Ali Radanın deputatları, GUAM-ın Baş Katibliyinin nümayəndələri, Ukrayna ali təhsil ocaqlarının rəhbərləri, politoloqlar və yerli KİV iştirak ediblər.

Bayram tədbiri Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və iştirakçılar 44 günlük Vətən müharibəsinə həsr olunan sənədli filmə baxıblar.

Daha sonra çıxış edən səfir Elmira Axundova ötən il sentyabrın 27-də erməni təxribatına cavab olaraq, əks-hücuma keçən Azərbaycan Ordusunun Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində göstərdiyi rəşadətdən danışıb. Səfir E.Axundova qeyd edib ki, müzəffər Ordumuz erməni mifini 44 gündə darmadağın etdi, dünya müharibə tarixində yeni mərhələnin təməlini qoydu, dünyaya güclü Azərbaycanın şücaətini göstərdi.

“Dünya azərbaycanlıları, o cümlədən Ukraynadakı diplomatik korpusumuz və diasporumuz - hamı bir nəfər kimi ideoloji mübarizə apardı, xaricdə informasiya sahəsində əllərindən gələni etdilər. 44 günlük Vətən müharibəsində qardaş Türkiyə daim Azərbaycanın yanında oldu və öz dəstəyini əsirgəmədi. Ukrayna dövləti də Azərbaycanın haqlı mübarizəsini dəstəklədi”, - deyə səfir E.Axundova əlavə edib.

Səfir E.Axundova vurğulayıb ki, bu gün Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olması təşəbbüsü ilə çıxış edir.

Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə isə bildirib ki, daim yumruq kimi birləşən Türkiyə və Azərbaycan 44 günlük müharibədə də bir yerdə oldu.

“Azərbaycan haqlı mübarizəsində 30 illik həsrətə son qoydu. Bu yolda şəhid olanları hörmətlə anırıq, qəhrəmanlıq göstərənlərə minnətdarlığımızı bildiririk. Qarabağ Azərbaycan torpaqları ola-ola BMT-nin, beynəlxalq təşkilatların qətnamələri yerinə yetirilmədi. 44 günlük Vətən müharibəsi Azərbaycanın haqlı savaşı idi. Şuşa Bəyannaməsi isə Azərbaycan və Türkiyənin əbədi qardaşlığının bariz nümunəsidir”, - deyə türkiyəli diplomat əlavə edib.

Yağmur Əhməd Güldərə vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazda barış, sülh istəyir. Ermənistan Azərbaycanın sülh çağırışına müsbət cavab verməli, Cənubi Qafqazda yeni mühit yaradılmalıdır.

GUAM Baş katibi Altay Əfəndiyev çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini, xalqın və onun liderinin sarsılmaz birliyini, əyilməz iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu gün şanlı Qələbənin ildönümünün qeyd edildiyi bir vaxtda biz Azərbaycan xalqı ilə birlikdə onun qəhrəmanlarına hörmətimizi ifadə edir, Vətən uğrunda canlarından keçən igidlərin xatirəsini anırıq. GUAM təşkilatı daim ölkələrin ərazi bütövlüyünün təmin olunması mövqeyini nümayiş etdirib.

“İşğaldan azad edilmiş torpaqların sürətli şəkildə bərpa edilməsi regionun qlobal iqtisadiyyata daha sıx inteqrasiyasına və bütövlükdə inkişafın təmin edilməsinə töhfə verəcək. Bu Qələbə müharibə şəraitində olan regiona çoxdan gözlənilən sülh, sabitlik və tərəqqi gətirəcək yeni dövrün başlanğıcını qoydu”, - deyə A.Əfəndiyev əlavə edib.

Ukrayna Ali Radasının Azərbaycan ilə parlamentlərarası işçi qrupunun rəhbəri Valeri Kolyux Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışaraq, Azərbaycan xalqını və Prezidentini təbrik edib. Deputat V.Kolyux vurğulayıb ki, Azərbaycan uzun illərdir həllini gözləyən münaqişənin Vətən müharibəsi ilə necə həll olunduğunu göstərdi. Azərbaycan xalqı bütövlükdə qəhrəmanlıq, birlik nümayiş etdirdi.

Daha sonra tədbir bədii hissə ilə davam edib.

Arxiv üzrə axtarış