Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatı
Ukraynadakı vəziyyətlə əlaqədar, Rumıniya Ukraynanı tərk etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarını qəbul etməyə hazırdır.
Ciddi təhlükə ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşları aşağıdakı qaydada Ukrayna ərazisini tərk edərək Rumıniyaya gedə bilər:
- Rumıniya Ukrayna arasındakı Halmeu, Sighetu, Marmatiei və Siret sərhəd-keçid məntəqələri vasitəsilə Rumıniyaya daxil olmaları mümkündür.
Diqqət! Ukraynadan Moldova Respublikasına gələn vətəndaşlarımız Moldova ilə Rumıniya arasında olan Stinca, Sculeni, Albita, Oancea, Galati və İsaccea sərhəd-keçid məntəqələri vasitəsilə Rumıniyaya daxil ola bilər.
- Rumıniya tərəfi Azərbaycan Respublikası vətəndaşlarının Ukrayna Respublikası ərazisini münaqişə səbəbindən tərk etməsini nəzərə alaraq, onlara münsibətdə ölkə ərazisindən tranzitlə keçmək üçün müvəqqəti olaraq viza tələbini ləğv etmişdir. Eyni zamanda, vətəndaşlarımız sərhəd-keçid məntəqəsində səyahət sənədini (pasport və ya qayıdış şəhadətnaməsi) təqdim etməlidir.
- Rumıniya tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar quru sərhədi keçmək istəyən Azərbaycan Respublikası vətəndaşlarından COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini mütləq şəkildə tələb etməyəcək.
Yaranmış suallarla bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi ilə +407 487 77744, +407 409 90079 və bucharest@mission.mfa.gov.az elektron poçtu vasitəsilə əlaqə saxlaya bilər.
Bildiyniz kimi, bundan öncə verdiyimiz məlumata əsasən, vətəndaşlarımız Ukrayna ərazisini Moldova, Polşa, Slovakiya və Macarıstan istiqamətlərində də tərk edə bilər.
Xarici İşlər Nazirliyi Ukrayna ərazisində daimi və müvəqqəti yaşayan, turizm və ya təhsil məqsədləri ilə həmin ölkəyə səfər etmiş Azərbaycan Respublikasının vətəndaşlarına Ukraynadakı vəziyyətlə əlaqədar bir daha müraciət edərək onlardan hərbi qüvvələrin və obyektlərin olduğu ərazilərdən uzaq olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edir.
Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və kiev@mission.mfa.gov.az elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və info.azconsulate@gmail.com elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər.
Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat vətəndaşların diqqətinə təqdim ediləcək.