2022-12-17

Azərbaycanın göndərdiyi humanitar yardım Ukraynaya təhvil verildi

Ukrayna tərəfindən daxil olmuş müraciətlərə cavab olaraq, mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə Azərbaycan tərəfindən əsas elektrik avadanlıqlarından ibarət humanitar yardım karvanı Ukraynaya çatıb.

Dekabrın 17-də humanitar yardım karvanının Ukraynanın Rumıniya ilə sərhəd ərazisi olan Çernovtsı şəhərində təhvili mərasimi keçirilib. Tədbirdə Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Sabir Rzayev, Ukrayna Energetika Nazirliyinin yanında Humanitar Yardım Mərkəzinin rəhbəri Petro Lutsiv, KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə açıqlama verən Sabir Rzayev bildirib ki, humanitar yardıma 45 güc transformatoru və 50 generatoru daxildir. Onların ilk hissəsi artıq Ukrayna ərazisindədir. Ümumi məbləği təxminən 1 milyon 422 min manat olan humanitar yükün tam çatdırılması məqsədilə ikinci yük avtomobili karvanının yaxın günlərdə yola çıxması nəzərdə tutulub. Sabir Rzayev bildirib ki, Ukraynadakı böhranla bağlı Azərbaycan Respublikasının göstərdiyi humanitar yardımın ümumi məbləği 30 milyon manata yaxındır.

Humanitar yardıma görə Azərbaycan dövlətinə təşəkkürünü bildirən Ukrayna Energetika Nazirliyinin yanında Humanitar Yardım Mərkəzinin rəhbəri Petro Lutsiv isə açıqlamasında qeyd edib ki, Azərbaycanın göndərdiyi güc transformatorları və generatorlar Nikiolayev, Sumı, Boradyanka, Xerson, Xarkov, Zaporojye şəhərlərində enerji təchizatının bərpasına sərf ediləcək.

Qeyd edək ki, son 6 ay ərzində müxtəlif qurumlar tərəfindən Ukrayna xalqına humanitar yardım xarakterli xidmətlər göstərilib. Belə ki, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 90-a yaxın ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə ölkəmizə gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına 12 saylı məktəb tam bərpa edilib, humanitar yardım xarakterli müxtəlif tədbirlər həyata keçirilib.

Arxiv üzrə axtarış