Akademik Zərifə Əliyevanın əziz xatirəsi Ukraynada anılmışdır
Ukraynanın İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilən tədbir keçirilmişdir. Tədbirdə səfirliyin heyəti, İrpen şəhər meri və deputatları, “SOCAR Ukraine Energy” şirkətinin rəhbərliyi, Azərbaycan diaspor fəalları, Zərifə Əliyeva adına “Linqvist” litseyinin rəhbərliyi və kollektivi, o cümlədən yerli ictimaiyyət və media təmsilçiləri iştirak etmişdirlər.
Tədbir çərçivəsində akademik Zərifə Əliyevanın abidəsi ziyarət edilmiş və əziz xatirəsi anılmış, “Linqvist” litseyinə baş çəkilmişdir. Şəhər rəhbərliyi və litseyin kollektivi müharibənin əvvəllərində dağıntılara məruz qalmış təhsil müəssisəsini qısa müddətdə və əsaslı bərpa edərək şagirdlərin istifadəsinə verdiyinə görə Azərbaycan Dövlətinə bir daha dərin minnətdarlıq ifadə etmişdirlər.