2023-06-10

İrpendə akademik Zərifə Əliyevanın adını daşıyan məktəbin şagirdləri Azərbaycana səfərə yola düşüblər

İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın adını daşıyan 12 saylı orta məktəbin müəllim və şagird heyətinin Azərbaycana səfəri başlayıb.

Azərbaycan Prezidentinin tapşırığı əsasında dövlətimizin təşkilatçılığı və maliyyəsi ilə həyata keçirilən səfərin məqsədi ukraynalı uşaqların sağlamlığının qorunması və istirahətinin təşkil edilməsidir.

Səfər çərçivəsində orta məktəbin şagirdləri Azərbaycanın mədəniyyəti və adət-ənənələri ilə daha yaxından tanış olacaqlar.

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev İrpen şəhərində məktəbin Azərbaycana yola düşən müəllim və şagird heyətini yola salıb.

Səfərin təşkilinə görə təşəkkürünü bildirən məktəbin direktoru Valentina Antonenko deyib ki, müharibə zamanı məktəb ciddi ziyan görmüşdü. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə SOCAR-ın Ukraynadakı nümayəndəliyi məktəbi tez bir zamanda əsaslı təmir etdirdi. Bu dəfə isə Azərbaycanın dövlət başçısının tapşırığı əsasında SOCAR-ın Ukraynadakı nümayəndəliyi məktəbin şagirdlərinin səfərini təşkil edir.

Arxiv üzrə axtarış