2023-06-11

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salınıb

Ukrayna tərəfindən daxil olmuş müraciət nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə iyunun 9-da Ukraynaya humanitar yardım göndərilib.

Müxtəlif ləvazimatlardan, o cümlədən nasoslar, boru kəmərləri, rezin qayıqlar və müvafiq geyim əşyalarından ibarət olan bu yardım Polşanın Jeşuv hava limanına, oradan isə Ukraynaya çatdırılacaq.

Humanitar yükü aparan xüsusi təyyarə Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevskinin və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınıb.

Humanitar yardıma tullantı sularını vurmaq üçün tutumu 400 kubmetr olan iki ədəd VA150KS mobil dizel nasosu, çirkab suların vurulması üçün diametri 200 millimetr olan 1000 metrdən çox toplama boru kəməri, şlanqlarla birlikdə 10 ədəd motor nasosu, 20 sualtı nasos, 5 şişmə rezin qayıq, 24 ədəd qızdırıcı fen, 20 ədəd sukeçirməyən gödəkçə, hər birindən 40 dəst olmaqla yay və qış geyim dəstləri, 40 cüt uzunboğaz və 40 cüt rezin çəkmə, 41 cüt uzun balıqçı çəkməsi, 9 rezin kombinezon, 208 xilasedici jilet, 50 xilasedici halqa və 42 xilasedici önlük daxildir.

Səfir V.Kanevski jurnalistlərə açıqlamasında humanitar yardıma görə minnətdarlığını ifadə edərək bildirib: “Dost Azərbaycan xalqına dərindən minnətdarıq. Ukraynaya göstərdiyiniz dəstəyi və köməyi növbəti dəfə hiss edirik. Bu gün bu yardım Azərbaycanın paytaxtı Bakıdan Ukraynaya, oradan da fəlakət zonasına çatdırılacaq. Bu yardım bizim üçün çox əhəmiyyətlidir. Bundan əlavə, Azərbaycan tərəfinin ayırdığı 20 ton yanacaq xilasetmə əməliyyatlarında istifadə olunan nəqliyyat vasitələrinə təqdim ediləcək. Bu, bizim strateji tərəfdaşlıq münasibətlərimizin nə dərəcədə inkişaf etdiyini bir daha sübut edir. Bu, Ukrayna və Azərbaycan xalqlarının səmimi dostluğudur. Azərbaycana eşq olsun! Ukraynaya eşq olsun!”

Qeyd edək ki, Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına humanitar məqsədli digər yardımların da göndərilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycan tərəfindən Ukrayna xalqına bir neçə dəfə dərman vasitələri, tibbi avadanlıq, tibbi sərf və ləvazimat malları, eləcə də ərzaq məhsulları və uşaq qidasından ibarət humanitar yardımlar göndərilib.

Arxiv üzrə axtarış