Ukraynada Azərbaycan dilinin tədrisinin inkişafı müzakirə edilib
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Kiyev Milli Linqvistika Universitetində Heydər Əliyev adına Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyəti ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, tanışlıqdan səfir Kiyev Milli Linqvistika Universitetinin rektoru Roman Vasko ilə görüşüb. Görüşdə Azərbaycan və Ukrayna ali təhsil ocaqları arasında əməkdaşlığın inkişafı müzakirə olunub. Səfir vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə milli təhsil konsepsiyası işlənilib hazırlanıb və uğurla həyata keçirilib. S.Mərdəliyev vurğulayıb ki, dahi şəxsiyyətin bu müdrik siyasəti Prezident İlham Əliyev tərəfindən yeni dövrün reallıqlarına uyğun olaraq davam və inkişaf etdirilir. Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə minlərlə məktəb tikilib və əsaslı təmir olunub.
Görüşdə Azərbaycanda Kiyev Milli Linqvistika Universiteti tərəfdaş universitetlərinin sayının genişləndirilməsi məsələləri, o cümlədən Bakı Dövlət Universiteti ilə Əməkdaşlıq Memorandumunun imzalanmasına hazırlıq, Kiyev Milli Linqvistika Universitetinin “Azərbaycan dili və ədəbiyyatı, tərcümə” ixtisası üzrə bakalavr səviyyəsinə tələbə qəbulu, akademik mobillik proqramları, Azərbaycanın ali təhsil müəssisələri ilə tələbələrin, aspirantların, doktorantların mübadiləsi və digər məsələlər müzakirə olunub.
Sonra səfir Kiyev Milli Linqvistika Universitetində Heydər Əliyev adına Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində yaradılan şəraitlə tanış olub.
Universitetin Beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri filologiya elmləri namizədi Anastasiya Pojar və Mərkəzin direktoru İntiqam Şıxızadə bu ali təhsil ocağının Azərbaycanla əlaqələri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, universitet Azərbaycan dilinin tədris edildiyi qrupda tələbələrin sayının artırılmasında maraqlıdır.
Səfir vurğulayıb ki, Ukraynada Azərbaycan dilinin tədrisinin daha da inkişaf etdirilməsi istiqamətində müvafiq addımlar atılması zəruridir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev