2023-10-10

Səfir Seymur Mərdəliyev Ukrayna energetika naziri Qerman Qaluşçenko ilə görüşüb

Azərbaycan istər Ukraynanın, istərsə də Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verməkdədir.

AZƏRTAC xəbər verir ki, bu fikri Ukraynanın energetika naziri German Qaluşenko ilə görüşdə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib.

Səfir xatırladıb ki, Prezident İlham Əliyev Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə iyulun ortalarında Azərbaycan Respublikasının Energetika Nazirliyinə 7,6 milyon dollar vəsait ayrılması haqqında Sərəncam imzalayıb. Hazırda bununla bağlı hazırlıq işləri gedir. Yaxın vaxtlarda paylayıcı şəbəkələrin bərpası üçün Ukraynaya avadanlıq ötürülməsi planlaşdırılır.

Görüşdə Ukraynanın enerji sektoruna yardım və neft-qaz sənayesində əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub.

G.Qaluşenko bildirib ki, Ukrayna Azərbaycanla energetika sahəsində əməkdaşlığı yüksək qiymətləndirir və bu əməkdaşlığın intensivləşəcəyinə çox ümid edir.

Nazir Ukraynanın energetika sektoruna göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib. Diqqətə çatdırıb ki, bu dəstək, xüsusilə də ötən qış Ukraynanın enerji sisteminin saxlanmasına kömək edib.

 
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

 

Arxiv üzrə axtarış