2023-10-28

Səfir Seymur Mərdəliyev Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadiy Çijikovla görüşüb

Azərbaycan Ukraynanın mühüm strateji tərəfdaşıdır, Ukrayna ixracatı üçün tranzit dəhlizi təmin edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov Azərbaycanın bu ölkədəki səfiri Seymur Mərdəliyevlə görüşündə söyləyib.

“Biz göstərdiyi dəstəyə və köməyə görə Azərbaycan xalqına minnətdarıq. Azərbaycanın Ukrayna üçün əhəmiyyəti durmadan artır, xüsusilə Asiya ölkələrinə logistika marşrutlarında. Biz gələcək qarşılıqlı işgüzar fəaliyyəti təmin etmək üçün ikitərəfli dialoqu dərinləşdiririk”, - deyə Çijikov əlavə edib.

O bildirib ki, indi hər iki ölkənin biznesi üçün aktual məsələ Ukrayna ilə Azərbaycan arasında beynəlxalq yükdaşımaların liberallaşdırılmasının mümkünlüyüdür.

“Biz çalışırıq dövlətlər arasında ticarət dövriyyəsinin həcmini 1 milyard dollara çatdıracaq əməkdaşlıq formatları axtarıb tapaq. Biz biznes üçün birgə tədbirlər keçirmək barədə razılığa gəldik. Ukrayna-Azərbaycan əməkdaşlığının böyük potensialı var”, - deyə Çijikov vurğulayıb.

Səfir S.Mərdəliyev öz növbəsində bildirib ki, Azərbaycan Ukraynaya humanitar yardımlarını davam etdirəcək.

“Azərbaycanın Ukrayna ilə qarşılıqlı iqtisadi, ticari əlaqələrin inkişafına xüsusi maraq göstərir. Ticarət dövriyyəsinin artırılması üçün birgə iqtisadi layihələrin reallaşdırılması vacibdir”, - deyə diplomat qeyd edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Arxiv üzrə axtarış