Səfir Seymur Mərdəliyev “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu” ictimai təşkilatının rəhbəri və fəalları ilə görüşüb
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu” (UABD) ictimai təşkilatının sədri Hikmət Cavad, həmçinin təşkilatın Kiyev və regionlardan gəlmiş fəalları ilə görüşüb.
Görüşdən öncə səfir, səfirliyin kollektivi və UABD heyəti Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin Kiyev şəhərindəki abidəsini ziyarət ediblər.
Görüşdə çıxış edən səfir S.Mərdəliyev Ukrayna-Azərbaycan münasibətlərinin yüksələn xəttlə inkişaf etdiyini bildirib, iki ölkə arasında əməkdaşlığın inkişafının mühüm bir hissəsinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, onun qoyduğu xəttin bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Ukraynada yaşayan Azərbaycanlıların və ümumilikdə diasporun fəaliyyəti ilə yaxından tanış olduğunu bildirən S.Mərdəliyev əməkdaşlığın bundan sonra da davam edəcəyini əminlik ifadə edib.
UABD-nin sədri, Ukrayna Ali Radası sədrinin müşaviri Hikmət Cavad UABD-nın missiyası və gördüyü işlərdən danışıb, hazırkı çətin şəraitdə inkişaf edən Azərbaycan və Ukrayna münasibətlərinə diasporun də töhfə verdiyini qeyd edib. O, hazırda müharibə şəraitində olan Ukraynada əsas diqqəti aztəminatlı azərbaycanlılara maddi dəstəyə və cəbhə bölgəsinə humanitar yardımların göndərilməsinə yönəltdiklərini bildirib. H.Cavad və digər çıxışçılar Vətəndə baş verən prosesləri də diqqətlə izlədiklərini, Azərbaycanın öz ərazi bütövlüyünü tamamilə təmin etməsini yüksək fərəh hissi ilə qarşıladqılarını vurğulayıblar.