2023-10-31

Taras Şevçenko adına Kiyev Milli Universitetində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan dəyirmi masa keçirilib

Oktyabrın 31-də Taras Şevçenko adına Kiyev Milli Universitetində “Heydər Əliyevin 100 illiyi. Onun Azərbaycan-Ukrayna dostluq əlaqələrinin möhkəmlənməsində rolu” adlı dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilən dəyirmi masada Ali Radanın deputatları, xarici ölkələrin Ukraynadakı səfirləri, Taras Şevçenko adına Kiyev Milli Universitetinin rəhbərliyi, ictimai-siyasi xadimlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Taras Şevçenko adına Kiyev Milli Universitetinin rektoru Volodimir Buqrov bildirib ki, Azərbaycan ilə Ukrayna arasında müasir münasibətlərin əsası məhz Heydər Əliyevin prezidentliyi dövründə qoyulub. Heydər Əliyev ukraynalıların xatirələrində və Azərbaycan-Ukrayna münasibətlərinin tarixində həmişəlik mühüm şəxsiyyət olaraq qalıb.

“Heydər Əliyev özündən sonra Prezident İlham Əliyev kimi layiqli övlad və davamçı qoyub. Bunu Azərbaycanın bu yaxınlarda ərazi bütövlüyünü bərpa etməsi də təsdiqləyir. Prezident İlham Əliyevin və Azərbaycan Silahlı Qüvvələrinin gücü Qələbənin və ölkənin gələcək təhlükəsizliyinin açarı oldu. Beləliklə, hazırda Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir. Bu uğurların əsasını ölkəyə mahir rəhbərlik, düşünülmüş daxili və xarici siyasət təşkil edir. Prezident İlham Əliyev öz atasının və bütün Azərbaycan xalqının ümidini və etimadını doğrultdu” , - deyə Volodimir Buqrov əlavə edib.

Ukraynanın qədim və nüfuzlu universitetlərindən birində keçirilən bu tədbirin Azərbaycanın Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin əziz xatirəsinə səmimi ehtiramın növbəti təzahürü olduğunu diqqətə çatdıran səfir Seymur Mərdəliyev çıxışında bildirib ki, Heydər Əliyev Azərbaycanın güclü və müasir dövlətə çevrilməsi üçün geniş imkanlar açmış dahi rəhbər idi. O, Azərbaycanda hakimiyyətə 1993-cü ildə - Ermənistanın hərbi təcavüzü və Azərbaycan torpaqlarının işğalı, xarici təzyiqlər və daxili çəkişmələr nəticəsində Azərbaycanın öz dövlətçiliyi üçün böyük sınaqlarla üzləşdiyi çətin bir zamanda gəlib. Heydər Əliyev öz müdrikliyi və dəmir iradəsi sayəsində Azərbaycanı ictimai-siyasi pərakəndəlikdən, eləcə də bütün sahələrdə müşahidə olunan dərin iqtisadi tənəzzüldən xilas edə bilib, xalqın davamlı inkişafına yol açıb, sonralar siyasi və sosial sahədə böyük irəliləyişlərə nail olub.

“Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə davamlı tərəqqi və inkişaf yolu ilə inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ömürlük missiyasının və irsinin təntənəsidir. Heydər Əliyev öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı.

Heydər Əliyevin ən böyük arzusu Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində ərazilərini 30 illik işğaldan qurtaranda, Azərbaycan öz ərazi bütövlüyünü, bir ay əvvəl isə beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində tam suverenliyini bərpa edəndə gerçəkləşdi. Bu gün Azərbaycanın üçrəngli Bayrağı Qarabağ və Şərqi Zəngəzur bölgələrinin hər bir guşəsində qürurla dalğalanır.

Hazırda Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin qoyduğu irsə əsaslanan Azərbaycan-Ukrayna strateji tərəfdaşlığının dərinləşdirilməsini uğurla davam etdirir”, - deyə diplomat vurğulayıb.

Sonra Ulu Öndər haqqında film nümayiş etdirilib.

Daha sonra çıxış edən Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Valeriy Kolyux bildirib ki, Heydər Əliyev dost Azərbaycan-Ukrayna münasibətlərinin banisi, müasir Azərbaycanın memarıdır. Azərbaycan apardığı uğurlu xarici siyasət sayəsində bir çox dövlətlərin, xüsusilə də Ukraynanın strateji tərəfdaşıdır.

“Azərbaycanla Ukrayna arasında sıx dostluq əlaqələri Kiyevlə Bakının diplomatik münasibətlərinin rəsmən qurulmasından xeyli əvvəl yaranıb. İki xalq arasında çoxdan dərin və ənənəvi dostluq mövcuddur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Ukrayna xalqına həmişə xüsusi hərarət və diqqətlə yanaşıb. Hələ SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən Ukrayna üçün çox işlər görüb. O, Ukraynada bir sıra iri sənaye müəssisələrinin, fabriklərin, mədəniyyət və idman komplekslərinin tikintisinə kömək göstərib.

Xüsusilə onun bilavasitə iştirakı ilə Kiyevdə Milli Filarmoniyanın bərpası üçün vəsait ayrılıb. Ulu Öndərin təşəbbüsü ilə Obolon zavodu və uşaq qidası fabriki tikilib. Kiyev metrosunun ən yüksək səviyyədə inşasında onun şəxsi dəstəyi vacib rol oynayıb”, - deyə Valeriy Kolyux əlavə edib.

Milli Məclisin deputatı, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Kamran Bayramov videoformatda çıxışı zamanı qeyd edib ki, Heydər Əliyev Azərbaycan ilə Ukrayna arasındakı dostluq münasibətlərinin banisi, müasir Azərbaycanın memarıdır. Onun uğurlu xarici siyasəti nəticəsində Azərbaycan bir çox ölkələrlə yanaşı, Ukrayna ilə də strateji tərəfdaşdır.

Ukrayna Ali Radasının deputatı Oleksandr Merejko, 1997-2004-cü illərdə Ukraynanın Azərbaycanda səfiri Boris Aleksenko, Ukrayna Milli Elmlər Akademiyasının Dünya Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Andrey Kudryaçenko və digərləri çıxışlarında Ulu Öndərin yorulmaz fəaliyyəti və müdrik liderliyi barədə geniş danışıblar. Qeyd olunub ki, Heydər Əliyev istər sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik etdiyi müddətdə, istərsə də SSRİ Nazirlər Kabinetində çalışdığı dövrdə xalqı, Vətəni üçün böyük işlər görüb. Məhz onun həyata keçirdiyi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

 

Arxiv üzrə axtarış