2023-11-28

Kiyevdə Ulu Öndərin 100 illiyinə həsr edilən poçt markası dəstinin təqdimatı olub

Noyabrın 28-də Kiyevdə Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan poçt markası dəstinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Ukrayna Ali Radası sədrinin müavini Olena Kodratyuk, xarici ölkələrin səfirləri, diplomatları, Ukrayna parlamentinin deputatları, nüfuzlu universitetlərin rəhbərləri, Azərbaycanın diaspor nümayəndələri, ictimai-siyasi xadimlər iştirak ediblər.

Tədbirdən əvvəl Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları Kiyevdəki Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzərək xatirəsini yad ediblər.

Ölkəmizin Ukraynadakı səfiri Seymur Mərdəliyev mərasimdə çıxış edərək bildirib ki, poçt markası Azərbaycanın müasir tarixində silinməz izlər qoymuş, eləcə də Azərbaycan ilə Ukrayna arasında möhkəm dostluq münasibətləri yaradan Ümummilli Liderin xatirəsinə əbədi ehtiram olacaq.

“Heydər Əliyev Azərbaycanın dinamik inkişaf edən güclü ölkəyə çevrilməsi üçün geniş imkanlar yaratmış dahi rəhbər olub. Ulu Öndər öz müdrikliyi və dəmir iradəsi sayəsində Azərbaycanı ictimai-siyasi pərakəndəlikdən, eləcə də bütün sahələrdə müşahidə olunan dərin iqtisadi tənəzzüldən xilas edib, ölkənin davamlı inkişafına yol açıb. Ümummilli Liderin layiqli varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı tərəqqi və inkişaf yolu ilə inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ömürlük missiyasının və irsinin təntənəsidir. Ulu Öndər Azərbaycan-Ukrayna münasibətlərinin memarıdır və hazırda Prezident İlham Əliyev iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi siyasətini uğurla davam etdirir”, - deyə diplomat vurğulayıb.

Qeyd edilib ki, Heydər Əliyevin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası idi. Onun bu istəyi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi gerçəkləşdi. Bu gün üçrəngli Bayrağımız Azərbaycanın bütün ərazisində vüqarla dalğalanır.

Ulu Öndər haqqında sənədli filmin nümayişindən sonra çıxış edən Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyuk vurğulayıb ki, Heydər Əliyevin Ukrayna dövləti və xalqı üçün xidmətləri misilsizdir.

“Azərbaycanın dəstəyi lazım olanda Heydər Əliyev həmişə Ukraynanın yanında olub. Heydər Əliyev Azərbaycan ilə Ukrayna arasında dostluq və əməkdaşlığın inkişafındakı müstəsna xidmətlərinə görə hələ 1997-ci ildə Ukraynanın ali mükafatı - “Yaroslav Mudrı” ordeni ilə təltif edilib. Bu gün də Azərbaycan ilə Ukrayna arasında strateji əməkdaşlıq əlaqələri mövcuddur. Müharibə dönəmində Azərbaycan Ukraynaya humanitar yardımlarını davam etdirməkdədir”, - deyə Olena Kondratyuk vurğulayıb.

“Ukrpoçta”nın Kiyev şəhər departamentinin rəhbəri Olesa Kopçuk isə çıxışında Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş poçt markası dəstinin tarixi əhəmiyyətindən danışıb.

Daha sonra poçt markası dəstinin imzalanması mərasimi olub.

Tədbirin iştirakçılarına xatirə olaraq marka və zərflər verilib.

Qeyd edək ki, “Azərpoçt” tərəfindən Azərbaycanın Ukraynadakı səfirliyi ilə sıx əməkdaşlıq əsasında və Ukraynanın milli poçt operatoru “Ukrpoçta” şirkətinin sifarişi ilə hazırlanmış poçt markası dəstində Heydər Əliyevin 1993-2003-cü illərdə Azərbaycan Prezidenti vəzifəsində işlədiyi dövrlər təsvir edilib. Heydər Əliyev markası fərdi möhür kimi 2000 markadan ibarət məhdud tirajla buraxılıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

 

Arxiv üzrə axtarış