2023-12-08

Azərbaycanla Ukrayna arasında mədəni irsin qorunması məsələləri müzakirə edilib

Dekabrın 7-də Ukrayna mədəniyyət və informasiya siyasəti naziri vəzifəsini icra edən Rostislav Karandeyev və Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüş zamanı tərəflər Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın prioritet istiqamətlərini, xüsusilə mədəni irsin qorunması, beynəlxalq mədəni əlaqələrin genişləndirilməsini müzakirə ediblər.

Səfir Seymur Mərdəliyev iki ölkə arasında mədəni mübadilə və humanitar əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

“Bizim əsas məqsədlərimizdən biri Ukrayna ilə strateji tərəfdaşlığı inkişaf etdirmək və saxlamaqdır. Biz bunu təkcə burada elan etmirik, həm də bu ideyanı beynəlxalq səviyyədə fəal şəkildə təbliğ edirik. İrpendəki mədəniyyət mərkəzinin bərpası ilə bağlı konkret planlarımız var və biz əminik ki, gələn il yeni layihələrin praktiki həyata keçirilməsi və mədəni təşəbbüslərə zəmin yaradılması üçün imkanlar olacaq”, - deyə səfir əlavə edib.

Seymur Mərdəliyev, həmçinin Azərbaycanın birgə mədəni tədbirlərin keçirilməsinə hazır olduğunu diqqətə çatdırıb.

Rostislav Karandeyev müharibə dönəmində Azərbaycanın göstərdiyi humanitar dəstəyə görə Azərbaycan hökumətinə və xalqına təşəkkür edib və mədəniyyət sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Xüsusilə, o, mədəni irsin qorunub saxlanması sahəsində birgə işin vacibliyini qeyd edib.

“Azərbaycanla birlikdə uğurla inkişaf etdirə biləcəyimiz çox mühüm aspekt qeyri-maddi mədəni irsin qorunmasıdır. Azərbaycanda dərin məna kəsb edən adət-ənənələr bizə son dərəcə yaxındır. Biz öz tərəfimizdən elementləri UNESCO siyahılarına daxil etməklə öz adət-ənənələrimizi qorumağa çalışırıq. Bu siyahının genişləndirilməsi adət-ənənələrimizin qorunub saxlanacağına zəmanətdir”, - deyə o bildirib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Arxiv üzrə axtarış