2024-02-28

Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumukrayna onlayn konfransı keçirilib

Fevralın 28-də “Xocalı faciəsi – bütün bəşəriyyət üçün faciə” mövzusunda ümumukrayna onlayn konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyi və Ukrayna-Türk Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan onlayn konfransda Ukraynanın müxtəlif şəhərlərindən 100-dən çox müəllim və tələbə iştirak edib.

Onlayn konfransın məruzəçiləri - ölkəmizin Ukraynadakı səfiri Seymur Mərdəliyev, Ukrayna-Türk Mərkəzinin həmtəsisçisi, Ukrayna Ali Radasının deputatı Sergey Nagornyak, Xocalı soyqırımı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əvəzsiz xidməti olmuş və Xocalı hadisələrinə həsr edilmiş “Endless corridor” filminin müəllifi litvalı jurnalist Riçardas Lapaytis, tanınmış ukraynalı tarixçi, tarix elmləri namizədi, Taras Şevçenko adına Kiyev Milli Universitetinin dosenti Oleq Kupçik, Sumı Dövlət Universitetinin dosenti tarix elmləri namizədi Anatoliy Qonçarenko, Dnepr Milli Texniki Universitetinin dosenti Filologiya elmləri namizədi Gennadi Onişenko olublar.

Əvvəlcə konfransın moderatoru, Ukrayna-Türk layihələrinin kuratoru Marına Qonçaruk çıxış edərək bu cür tədbirlərin Xocalı soyqırımının dünya ictimaiyyətində tanınması baxımından əhəmiyyətindən danışıb. Sonra o, Xocalı soyqırımı barədə slaydları təqdim edib.

Azərbaycanın və Ukraynanın tarixlərində oxşar qanlı səhifələrin olduğunu deyən səfir Seymur Mərdəliyev bildirib ki, Ermənistanın ölkəmizə qarşı onilliklər ərzində davam edən təcavüzü zamanı dinc əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən, tariximizin ən faciəli səhifələrindən biri münaqişədən əvvəl 7000-dən çox əhalinin yaşadığı Xocalı şəhərinin sakinlərinin soyqırımına məruz qalması olub. Ermənistanın işğalçılıq siyasəti çərçivəsində Xocalı soyqırımından əvvəl Bağanis Ayrım, Meşəli, Kərkicahan, Malıbəyli və Qaradağlı kimi yaşayış məntəqələrində də azərbaycanlı əhaliyə qarşı qırğınlar törədilib.

“Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, bu şəhərdə törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olmuşdur. Təəssüf ki, ikili standartlar nəticəsində dünya ictimaiyyəti Xocalıda baş verənlərin soyqırımı olduğunu dilinə gətirmək istəmir. Əgər vaxtında Xocalı soyqırımına lazımi hüquqi qiymət verilsəydi, bəlkə də sonrakı illərdə dünyanın digər bölgələrində qətliamlar baş verməzdi. Cəzasızlıq həmişə yeni qətliamlara yol açır”, - deyə səfir vurğulayıb.

Ötən ilin antiterror tədbirləri nəticəsində Xocalının azad edildiyini xatırladan diplomat Azərbaycanın Ermənistanla sülh prosesinə sadiq olduğunu deyib. Bildirib ki, Azərbaycan ilə Ermənistan arasında barışığın olması üçün, ilk növbədə, ədalətin, o cümlədən Xocalı soyqırımının qurbanları üçün ədalətin bərqərar olması zəruridir. Ermənistan bu qara ləkəni silmək üçün törədilən soyqırımı qəbul etməli və bununla bağlı üzr istəməlidir.

Ukraynalı deputat Sergey Naqornyak qeyd edib ki, Ukrayna xalqı Azərbaycan xalqının kədərini bölüşür və Xocalı faciəsi qurbanlarının xatirəsini anır. Bu vəhşi cinayəti törədənlər başqasının torpaqlarının işğalı ilə insanlığa zidd, terrorçu xislətlərini nümayiş etdiriblər.

Sivil dünyanın Xocalı faciəsini unutmağa haqqı yoxdur. Beynəlxalq hüquq cinayətkarların cəzasız qalması hallarına dözmür, çünki bu, cinayətlərin miqyasını xeyli genişləndirir. Təəssüf ki, dünya ictimaiyyəti Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına, azərbaycanlıların öz torpaqlarından qovulmalarına, dinc əhaliyə və müdafiəsiz insanlara qarşı törədilmiş kütləvi qırğınlara, ağır cinayətlərə göz yumdu”, - deyə S.Naqornyak əlavə edib.

Deputat vurğulayıb ki, bu cinayəti törədən silahlılar vaxtında cəzalarına çatsaydılar, bəlkə də belə vəhşiliklərin qarşısını almaq mümkün olardı.

Xocalı soyqırımının şahidi litvalı jurnalist Riçardas Lapaytis isə vurğulayıb ki, erməni əsgərləri oğru kimi kəndlərə soxulub, soyqırımlar törədirdilər. “Onlar günahsız insanları qırırdılar. İstənilən beynəlxalq məhkəmədə sözümü təsdiqləyə bilərəm”, - deyə Riçardas Lapaytis bildirib.

O deyib Xocalı soyqırımı öz miqyasına, bu dəhşətli cinayəti törədənlərin amansızlığına və qəddarlığına görə dünya baş verən insanlıq əleyhinə ən ağır cinayətlərlə müqayisə oluna bilər. Faciənin bütün məsuliyyəti Ermənistanın üzərindədir və bu cinayəti törədənlər beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməlidirlər.

Taras Şevçenko adına Kiyev Milli Universitetinin dosenti Oleq Kupçik, Sumı Dövlət Universitetinin dosenti tarix elmləri namizədi Anatoliy Qonçarenko, Dnepr Milli Texniki Universitetinin dosenti Filologiya elmləri namizədi Gennadi Onişenko çıxışlarında Xocalı soyqırımı barədə fikirlərini bölüşüblər.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Arxiv üzrə axtarış