2024-03-08

Oleksandr Kubrakov: Azərbaycan və Ukrayna Avropa-Asiya beynəlxalq nəqliyyat dəhlizinin inkişafına öz töhfəsini verə bilər

Azərbaycan və Ukrayna arasında nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi Avropa-Asiya beynəlxalq nəqliyyat dəhlizinin inkişafına öz töhfəsini verə bilər.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevlə görüşdə Ukraynanın bərpası üzrə Baş nazirin müavini – icmaların, ərazilərin və infrastrukturun inkişafı naziri Oleksandr Kubrakov söyləyib.

Nazir bildirib ki, Ukrayna ilə Azərbaycan arasında nəqliyyat bağlantılarının inkişafı olduqca əhəmiyyətlidir.

Görüşdə Qara dəniz üzərindən daşımaların inkişafı, bu sahədə iki ölkə arasında təcrübə mübadiləsi, GUAM çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Səfir Seymur Mərdəliyev Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımlar haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Ukraynaya infrastruktur, sosial və humanitar layihələrdə yardım göstərməyə davam etməyə hazırdır.

Nazir öz növbəsində göstərdiyi humanitar yardıma görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.

 
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
 

Arxiv üzrə axtarış